Gənclər arasında xaricdə yaşamaq və işləmək arzusu daha da güclənib. Bir çoxları təhsil, yüksək maaş, sosial rifah və daha geniş imkanlar üçün ölkəni tərk etməyə çalışır. Bu tendensiya isə təkcə fərdi seçim kimi deyil, həm də demoqrafik və sosial problem kimi qiymətləndirilir. Çünki gənc və əmək qabiliyyətli əhalinin azalması gələcəkdə iqtisadi inkişaf, ailə institutları və əmək bazarı üçün ciddi risklər yarada bilər. Miqrasiyanın əsas səbəbləri arasında işsizlik, maaş azlığı, mənzil problemi, sosial ədalətsizlik hissi və gələcəklə bağlı inamsızlıq dayanır. Digər tərəfdən, qloballaşma və sosial şəbəkələr xaricdəki həyatın daha cəlbedici görünməsinə səbəb olur.
Bəs gənclərin ölkədən getmək istəyi hansı həddə qədər təhlükəlidir və bu proses demoqrafik vəziyyətə necə təsir edir?
Bunun qarşısını almaq üçün hansı addımları atmaq olar?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, təəssüflər olsun ki, bu tendensiya indi müşahidə olunmur. Uzun illərdir ki, biz ölkə olaraq bu problemin və gənclərin xaricdə yaşamağa və təhsil almağa üstünlük vermələrinin şahidi oluruq.
Partiya sözçüsünün sözlərinə görə, burada yeganə səbəb ölkə daxilində işsizliyin getdikcə artması, gənclərin 18 yaşa çatandan sonra normal təhsil ala bilməmələri üçün xaricdə təhsil almağa üstünlük vermələri, yaxud da universiteti bitirdikdən sonra iş tapmaqda ciddi çətinliklərlə üzləşmələri onları daha asan yol seçməyə vadar edir.
“Təbii ki, xaricdə yaşamaq da asan deyil. Onlar ciddi çətinliklərlə üzləşirlər. Amma nəticədə nisbətən daha rifah yol tutduqlarının şahidi olurlar. Və onlar daha asan işlə təmin olunduqlarını görürlər. İstər-istəməz bu şəxsləri görən digər həmyaşıdları da onların yolunu getməyi seçirlər, — deyə C. Abbaslı əlavə edib.
Bu halın durmadan artırdığını qeyd edən siyasətçi deyib:
“Bu problemin qarşısını almağın yeganə yolu ölkə daxilində iş yerlərinin artırılmasıdır. Təkcə iş yerlərini artırmaqla da kifayətlənmək olmaz. Eyni zamanda yüksək maaşların təyin edilməsi də vacibdir. Çünki hər bir gənc iş tapa bilər, ancaq aldığı maliyə onun ailəsini dolandırmağa yetmir”.
Mənzil məsələsinə də toxunan Cavanşir Abbaslı vurğulayıb:
“Bu dəqiqə ölkədə mənzil almaq dənizdə damla qədərdir. Ona görə də gənclər 25 illik ipotekaya ev almağa məcbur qalırlar. Onlar bu illər ərzində də həbsxana həyatı yaşayırlar. Bu da istər-istəməz onların ölkə daxilində normal həyat yaşamamalarına səbəb olur. Çünki 25 il az qala insna ömrünün azaldığı bir dünyada həyatın üçdə biri deməkdir. Kreditlər də yüksək faizlə verilir. Belə bir şəraitdə gənclərin ilk növbədə mənzillə təmin olunması yolları asanlaşdırılmalıdır. Bu yolla gənclərin xaricə üz tutmaları getdikcə azala bilər”.
Siyasətçi sonda açıqlayıb ki, bu mövcud vəziyyət ailə institutlarına da zərbədir. Ölkədə boşanmaların faizi artıq əlli-əlliyədir. Bu da çox üzücü bir mənzərə yaradır. Beləliklə, ailə institutu durmadan sıradan çıxarılır. Eləcə də subay gənclərin sayının artması da ciddi problemlərdən biridir. Bunun səbəbi də Azərbaycan gəncliyi 18 və ya 22 yaşlarından sonra iş tapmaqda, mənzil almaqda ciddi çətinliklərlə üz-üzədirlər. Nəticədə də onlar kirayə həyatda evli olmaqdansa, “nə vaxtsa, özümə şərait qurub evlənərəm” düşüncəsinə qapılırlar. Və sonda da görürlər ki, ömrün yarısına yaxınlaşıblar və ailə həyatı da qurmayıblar. Bunun yeganə yolu ölkə daxilində iş yerlərinin sayını durmadan artırmaq, yüksək maaşlar təyin etmək və mənzil almaq istəyənlərin qarşısında sədd yox, maneələr aradan qaldırılmalıdır. Mənzil əldə etmək istəyənlər 8-9 faizlə deyil, 4 faizlə mənzilləri əldə etməlidirlər. Düşünürəm ki, bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır. Mövcud problemlər qısa zamanda, sürətlə aradan qaldırılmalıdır. Əks halda vəziyyət getdikcə çətinləşəcək.
Dəniz Pənahova
Tribuna.az










