Sabahdan etibarən Bakı–Tiflis sərnişin qatarı fəaliyyətə başlasa da, bilet qiymətləri və satış zamanı yaşanan problemlər vətəndaş narazılığını artırmaqdadır.
Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə narazılıqlarını bölüşən vətəndaşlar problemin Azərbaycan Dəmir Yolları tərəfindən normal sistem qurulmamasından qaynaqlandığını bildirirlər.
Şikayətçi Bilal Əliyev sosial şəbəkə hesabında yazıb ki, ADY-nin təklif etdiyi bilet qiymətləri təyyarə biletləri ilə eynidir:
“ADY, siz babat mırt tutursunuz insanlarla? 26 may tarixinə Bakı–Tiflis reysinə komfort üçün 125 manat, lüks üçün isə 277 manat qiymət qoymusunuz. 277 manat, ay kişi, təyyarədən baha…
9 saata 125 manat verib tanımadığım 3 nəfərlə səyahət etməkdənsə, 160 manat verib 1 saata təyyarə ilə rahat gedərəm də…
ADY nümayəndəsi çıxışında deyir ki, uzaq tarixlərə alsanız, daha sərfəli qiymətə gedəcəksiniz.
Saytınızda baxdım, ən uzaq tarix kimi 20 iyun göstərilib və komfort biletin qiyməti 93,78 manatdır.
Bəs hanı dediyiniz 81 manatlıq qiymət? Qiymət siyasətinizdə hansı meyarları əsas götürürsünüz?”
Narazılığını bildirən digər şəxs isə jurnalist Emin Səfərov olub:
“Deməli, vətəndaş Qardabanidən Böyük Kəsiyə 57 manata bilet alır və həmin məbləğ kartından çıxılır, amma bilet təqdim edilmir. ADY-nin Çağrı Mərkəzi isə ‘sistem xətası olub’ deyir. Daha sonra isə eyni qatar bileti bu dəfə 242 (!) manata təklif olunur.
Bu da sizə şou!”
Vətəndaş Şahmir Sofiyev isə bildirir ki, Azərbaycan Dəmir Yolları müştərilərin hüquqlarını kobud şəkildə pozur:
“Qardabani–Bakı reysinə yer seçib ödəniş etdim. Sistem heç bir xəta vermədən kartımdan 163 lari (92 AZN) çıxıb. ADY-nin qaynar xətti isə mənə biletin uğursuz olduğunu bildirir.
Bu bəs deyilmiş kimi, indi də mənə əvvəl 92 manata olan həmin bileti 242 manata yenidən almağı tövsiyə edirlər.
ADY, sizin sisteminizin texniki nasazlığı ucbatından həm pulum mənimsənilib, həm biletsiz qalmışam, həm də indi mənə iki dəfə yarım baha qiymətə bilet satmağa çalışırsınız. Bu, müştəri hüquqlarının açıq şəkildə tapdalanmasıdır!”
Qeyd edək ki, bütün bu narazılıq və anlaşılmazlıqlara baxmayaraq, Azərbaycan Dəmir Yolları hələlik məsələyə münasibət bildirməyib.
Gülşən Rəsul














