Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinin müharibəni davam etdirmək niyyətində olduğunu bildirib və Ukraynanın “Flaminqo” raketlərinin Rusiyadakı hədəflərə qarşı daha geniş istifadə edilməli olduğunu deyib.
Tribuna.az xəbər verir ki, Zelenski bu fikirləri Ukraynanın Müstəqillik Günü münasibətilə xalqa müraciətində səsləndirib.
O bildirib ki, Ukraynanın pilotsuz sistemləri və uzaqmənzilli silahları artıq Rusiyanın müxtəlif bölgələrindəki hədəflərə zərbələr endirir.
“Minlərlə dəqiq zərbəni artıq Moskva, Tuapse, Tula, Ryazan, Olenya, Omsk və digər məntəqələr görüb. Rusiya Ukrayna ədalətini daha çox görməlidir. “Flaminqo”lar nadir növ deyil, kütləvi ‘quş’ olmalıdır. Onlar Rusiyada ‘qışlamalıdır’”, – Zelenski deyib.
Ukrayna lideri həmçinin Rusiyanın “Şahed” hücum dronlarından istifadəsini artırdığını və yeni reaktiv pilotsuz uçuş aparatlarının meydana çıxdığını bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna hazırda “Şahed”lərin 90 faizindən çoxunu vurur, lakin Rusiya tərəfindən istifadə olunan digər hava hücum vasitələrinə qarşı da mübarizəni genişləndirmək lazımdır.
“Putin keçmişdə ilişib qalıb”
Zelenski Putin haqqında danışarkən onun Ukraynaya hələ də əvvəlki kimi baxdığını bildirib.
“Putin keçmişdə ilişib qalıb. O, susacaq, udacaq və dözəcək köhnə Ukraynaya baxır. Amma belə Ukrayna artıq yoxdur”, – deyə prezident vurğulayıb.
O, Rusiyanın Donbasın təhvil verilməsi ilə müharibənin tezliklə başa çatacağı barədə fikirləri yaymasına imkan verməyəcəklərini söyləyib.
Zelenski Putinin Ukraynanın yorulacağına ümid etdiyini qeyd edərək, “biz onun ölümlü olduğunu bilirik” deyib.
“Bizi heç vaxt anlamadı. İndi isə artıq buna vaxtı çatmayacaq”, – Ukrayna Prezidenti əlavə edib.
ABŞ və Çinə çağırış
Zelenski ABŞ-ın Rusiyanın müharibəni həqiqətən başa çatdırmaq istəyib-istəmədiyi ilə bağlı “bütün illüziyalarının yox olduğunu” bildirib.
O, Vaşinqtonu Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə və Ukraynaya müharibəni dayandırmağa imkan verəcək dəstəyi göstərməyə çağırıb.
Ukrayna lideri Çinin də Rusiyanın nüvə ritorikasına münasibət bildirməli olduğunu deyib.
“Çin artıq susmamalıdır. Heç bir diktatorun köhnə döyüş başlıqları ilə planeti təhdid etməsinə imkan verilməməlidir”, – Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna 24 avqust 1991-ci ildə müstəqilliyini elan edib. Bu il ölkə müstəqilliyinin 35-ci ildönümünü qeyd edir.
İmran Kərimli









