Bakıda sevgilisini öldürməyə cəhddə ittiham olunan 1986-cı il təvəllüdlü Varis Şəfiyevin (bütün adlar şərtidir) məhkəmə prosesi başa çatıb.
Tribuna.az Xitab24.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, V.Şəfiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə təqsirləndirilən şəxs ona elan olunmuş ittihamı qəbul etməyib. O, qadını öldürmək yox, qorxumtmaq niyyətində olduğunu bildirib. Varisin sözlərinə görə, daha əvvəl onlar arasında Nigarın falçıya müraciət etməsi ilə əlaqədar mübahisə yaşanıb. Növbəti mübahisələrin birində Varis sevgilinə şillə vurub.
Nigarın polisə şikayət etməsindən sonra Varis barəsində cinayət işi açılıb, onun azadlığı elektron qolbaqla məhdudlaşdırılıb. Varis isə bundan sonra Nigardan qisas almaq qərarına gəlib. O, sevgilisinin gözünü çıxarmaq niyyətini özündə qətiləşdirib.
Bunu təqsirləndirilən şəxsin özü ifadəsində bildirib:
“Əməli törətməkdə məqsəd onu etdiyi haqsızlıqlara görə cəzalandırmaq idi. İstəyirdim hər dəfə güzgüyə baxanda məni xatırlasın”.
Hadisə günü Nigarın işlədiyi gözəllik salonuna gedən Varis, mismarla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Varis Şəfiyev tərəfindən dəfələrlə şiddətə məruz qaldığını bildirib. Onun sözərinə görə, Varis ona qarşı davranışlarına görə bir neçə dəfə inzibati qaydada həbs olunub. Bu hadisə isə sonuncu inzibati qaydada həbsdən çıxmasından sona baş verib. O, təqsirləndirilən şəxsi bağışlamadığını, ondan şikayətçi olduğunu deyib.
Qeyd edək ki, hadisədən sonra Nigarın xəstəxanada ürəyi dayanıb. Həkimlər onu elektroşokla həyata qaytarıblar.









