Bir çox insan tərəvəzləri çiy halda yeməyin daha faydalı olduğunu düşünür. Lakin bəzi tərəvəzlərdə istilik emalı müəyyən qida maddələrinin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edə bilər.
Tribuna.az xəbər verir ki, Martha Stewart portalında dietoloqlar çiydənsə, bişmiş halda istehlak edilməsi daha faydalı ola bilən 5 tərəvəzi açıqlayıb:
Pomidor
Pomidorun bişirilməsi tərkibindəki antioksidant likopenin orqanizm üçün əlçatanlığını artırır. Dietoloq Lori Raytın sözlərinə görə, pomidoru az miqdarda zeytun yağı ilə yüngül qızartmaq, pörtlətmək və ya sobada bişirmək daha məqsədəuyğundur.
Likopenin bəzi xroniki xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin riskinin azalmasına kömək edə biləcəyi bildirilir.
Kök
Kökü buxarda bişirmək və ya sobada hazırlamaq tərkibindəki beta-karotinin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdıra bilər.
Beta-karotin orqanizmdə A vitamininə çevrilir və gözlərin, immun sisteminin və dərinin sağlamlığı üçün vacibdir.
Lakin kökü həddindən artıq, xüsusilə də uzun müddət qaynatmaq məsləhət görülmür. Bu zaman C vitamininin miqdarı azala bilər.
Balqabaq
Balqabağın bişirilməsi beta-karotin kimi bəzi qida maddələrinin mənimsənilməsini asanlaşdıra bilər.
Mütəxəssislər maksimum fayda üçün balqabağı zeytun yağı ilə sobada bişirməyi və ya qovurmağı tövsiyə edirlər. Uzun müddət qaynatmaq və buxarda bişirmək isə suda həll olan vitaminlərin itkisini artıra bilər.
İspanaq
İspanaq kalsium və dəmir kimi mühüm minerallarla zəngindir. Lakin onun tərkibində bu mineralların mənimsənilməsinə mane ola bilən oksalat turşusu da var.
İspanağın qısa müddət ərzində bişirilməsi oksalat turşusunun parçalanmasına və mineralların orqanizm üçün daha əlçatan olmasına kömək edir.
Buna görə ispanağı qısa müddət yüngül qızartmaq və ya buxarda bişirmək məsləhətdir.
Göbələk
Göbələklərin bişirilməsi polifenollar kimi bəzi antioksidantların səviyyəsini artıra bilər. Bundan əlavə, istilik emalı beta-qlükan və D vitamininin əlçatanlığını yaxşılaşdıra, eyni zamanda bəzi zərərli mikroorqanizmləri məhv edə bilər.
Mənbəyə görə, antioksidantların qorunması əsas məqsəddirsə, göbələkləri qrildə və ya mikrodalğalı sobada hazırlamaq qaynatmaq və tavada qızartmaqdan daha effektiv ola bilər.
Beləliklə, bütün tərəvəzlərin çiy halda daha faydalı olduğu fikri doğru deyil. Bəzi məhsullarda düzgün istilik emalı müəyyən vitamin və antioksidantların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə şərait yarada bilər.
İmran Kərimli









