Azərbaycan ali təhsilində ixtisaslara  yenidən baxılmalıdır-Dosent İlham Əhmədov

Azərbaycan ali təhsilində ixtisaslara yenidən baxılmalıdır- Dosent İlham Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali məktəblərə tələbə  qəbulu  kampaniyası təkcə abituriyentlərin seçim prosesi deyil, bu həm də Azərbaycanın gələcək iqtisadiyyatının, əmək bazarının və innovasiya potensialının necə formalaşacağını müəyyən edən strateji mərhələdir. Təəssüf ki, ölkədə bu proses hələ də  plan yerlərinin bölüşdürülməsi kimi başa düşülür. Halbuki süni intellekt (Sİ) dövründə əsas məsələ rəqəmsal  iqtisadiyyat üçün hansı mütəxəssislərin  hazırlanması kimi olmalıdır. Əgər bu məsələyə elmi əsaslandırılmış cavabı yoxdursa, onda qəbul planları  təsadüfi xarakter daşıyacaq.

Ali təhsil bugünün və gələcəyin  kadrlarını hazırlamalıdır

Universitet bugünkü vakansiyalar üçün deyil, məzun olduqdan sonrakı 10 ildə  işləyəcək insanların hazırlığını  təmin etməlidir.  Bu səbəbdən ali təhsilin planlaşdırılması həm cari əmək bazarına, həm də onun gələcək transformasiyasına  əsaslanmalıdır.

Süni intellekt, robototexnika, avtomatlaşdırma və rəqəmsal iqtisadiyyat yüzlərlə peşəni ləğv edir, məzmununu dəyişir. Bəziləri isə kökündən yenilənəcək. Belə bir  şəraitdə ən təhlükəli yanaşma keçmiş statistikanı gələcəyin proqnozu kimi  təqdim etməkdir.

XX əsrdə əmək bazarı ləng inkişaf edirdi, bununla belə 70-80-ci illərdə ali məktəblərimiz mərkəzləşdirilmiş halda əmək bazarının proqnozları əsasında  qəbul planlarını konkret olaraq müəyyənləşdirə bilirdi. XXI əsrdə əmək bazarı sürətlə  inkişaf etməyə başladı, universitetlərin isə qəbul planlarını proqnozlaşdırılması işi nazirlik və universitetlər  tərəfindən səmərəli qurula bilmədi. Biz 20 il əvvəl TN-ə bu məsələ ilə əlaqəli layihə əklif etmişdirk. TN bu ideyanı bəyəndi və onun icrasının zəruriliyini xüsusi qeyd etdi. Amma həmişə olduğu kimi, lazımlı layihənin icrasına maıiyyə tapılmadı. Beləliklə növbəti aktual bir layihə təşəbbüsü yenə də kağız üzərində qaldı .

Əmək bazarının proqnozu olmadan qəbul planı elmi deyil

İnkişaf etmiş ölkələrdə ali təhsil planlaşdırılması aşağıdakı məlumatlara əsaslanır: uzunmüddətli iqtisadi inkişaf strategiyası; demoqrafik dəyişikliklər; texnoloji transformasiya;  süni intellektin peşələrə təsiri;  regional inkişaf prioritetləri;  yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya proqramları. Azərbaycanda isə belə sistemli və ictimaiyyət üçün açıq, uzunmüddətli əmək bazarı proqnozları hələ də yoxdur. Nəticədə universitetlər çox vaxt əmək bazarının sifarişçisinə deyil, mövcud ənənələrə uyğun fəaliyyət göstərirlər.

Tələbat olmayan ixtisaslara plan yerləri azaldılsın, yoxsa ləğv edilsin?

Bu suala birmənalı cavab vermək çətindir.  Hər hansı ixtisasın ləğvi, bu sahənin gələcəkdə perspektivsiz  olduğu  elmi şəkildə sübut edildikdə mümkündür. Əks halda problem ixtisasın özündə deyil, onun köhnəlmiş məzmununda ola bilər.  Məsələn,  klassik proqramlaşdırma artıq Sİ  əsaslı proqram mühəndisliyinə çevrilir; mühasibat uçotu data analitikası ilə inteqrasiya olunur; hüquqşünaslıq Sİ  hüququ və rəqəmsal hüquq istiqamətində inkişaf edir; jurnalistika  Sİ və media analitikası ilə tamamlanır.  Deməli, əsas məsələ ixtisasların bağlanması deyil, onların transformasiyasıdır.

Yeni ixtisasların  müəyyənləşdirilməsi

Yeni ixtisasların açılması təsadüfi qərar deyil. Bu ciddi elmi proses olmalıdır.  Bunun üçün   qlobal texnoloji trendləri;  beynəlxalq təşkilatların proqnozları; ölkənin sənaye siyasəti; rəqəmsal iqtisadiyyat strategiyası; müdafiə sənayesi və texnoloji təhlükəsizlik prioritetləri;  innovasiya ekosisteminin inkişaf istiqamətləri  nəzərə alınmalıdır.  Əks halda universitetlər gələcəyin deyil, keçmişin mütəxəssislərini hazırlayacaq.

Ali təhsillə əmək bazarı arasında əlaqə

Ali təhsillə əmək bazarı arasında  formal əlaqələr mövcud olsa da, sistemli inteqrasiya  zəifdir.  İnkişaf etmiş ölkələrdə  böyük şirkətlər kurikulumların hazırlanmasında iştirak edir;  universitet–sənaye laboratoriyaları yaradılır; tələbələr real layihələr üzərində işləyirlər; məzunların məşğulluq göstəriciləri universitetlərin fəaliyyətinin əsas indikatorlarından biri hesab olunur.  Azərbaycan  reallığında  isə əmək bazarının universitet proqramlarına təsiri məhdud olduğundan, bəzi məzunlar öz ixtisası üzrə iş tapmaqda çətinlik çəkir, işəgötürənlər isə uyğun bacarıqlara malik kadr çatışmazlığından şikayət edirlər.

Süni intellekt dövründə qəbul planlarının dəyişməsi

Yaxın illərdə yeni peşələr üzrə  mütəxəssislərə tələbatın artacağı gözlənilir. Bu sırada süni intellekt mühəndisliyi;  məlumat elmi; kibertəhlükəsizlik; robototexnika; bioinformatika; rəqəmsal səhiyyə; yaşıl enerji texnologiyaları; ağıllı kənd təsərrüfatı; Sİ  etikası və hüququ; təhsil texnologiyaları v.s.. Bununla yanaşı, ənənəvi ixtisas sahiblərinin də Sİ bacarıqları ilə zənginləşdirilməsi vacibdir. Gələcəyin müəllimi, hüquqşünası, iqtisadçısı və ya həkimi süni intellekt alətlərindən peşəkar şəkildə istifadə etməyi bacarmalıdır.

Qəbul planlarının təyini  meyarları 

Qəbul planlarının təyinininmüasir modeli bu göstəricilərə əsaslanmalıdır:  əmək bazarının 10–15 illik proqnozu; məzunların məşğulluq səviyyəsi;  əməkhaqqı dinamikası; texnoloji dəyişikliklərin sürəti; regional inkişaf ehtiyacları; beynəlxalq rəqabət qabiliyyəti; strateji təhlükəsizlik və texnoloji suverenlik;  universitetlərin elmi və innovasiya potensialı.  Bu meyarlar olmadan qəbul planlarının müəyyənləşdirilməsi resursların səmərəsiz istifadəsinə səbəb ola bilər.

Milli bacarıqlar və gələcək  peşələrin  proqnozlaşdırması” mərkəzinin yaradılması 

Azərbaycanda ali təhsil siyasətinin elmi əsaslarla qurulması üçün müstəqil  “Milli bacarıqlar və gələcək  peşələrin  proqnozlaşdırması”  mərkəzinin  yaradılması məqsədəuyğundur olardı. Belə bir mərkəz  əmək bazarını davamlı təhlil edər; Sİ  vasitəsilə gələcək peşələri proqnozlaşdırar; universitetlər üçün qəbul planları üzrə tövsiyələr hazırlayar; yeni ixtisasların yaradılmasını elmi əsaslandırar; hökumətə insan kapitalı siyasəti üzrə analitik dəstək verər. Bu istiqamətdə biz unikal model üzərində işləyirik.

Layihə “peşə seçimi və karyera-naviqasiya sistemi”  kimi adlanır.  Bu layihənin ilkin versiyasını  1992-ci ildə ölkənin bir neçə universitetində  uğurl reallaşdırmışdıq. Öz dövrü üçün bu innovativ olan bu  layihə  mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Daha sonra universitetlərə qəbul qaydaları dəyişdirildiyi üçün ixtisas seçimi tam təsadüfi proseslərə tabe edildi, bu səbəbdən layihənin inkişafını saxladıq (bu problem bu gün də həll edilməyib).  2003-ci ildə qrant hesabına layihəni qismən inkişaf etdirsək də onun sonrakı inkişafına imkan olmadı. Bu gün bu layihə ölkədə insan kpitalınıın inkişafı üçün potensiala malikdir. Layihəni yaxın gələcəkdə startap kimi formalaşdırmağı düşünürük. Amma insan kapitalının inkişafında maraqlı olan dövlər və özəl qurumlar dəstək versə, proses sürətlənə bilərdi.

Göründüyü kimi universitetlərə  2026-cı ilin  qəbul kampaniyası təkcə  neçə nəfərin hansı universitetə qəbul olunacağı məsələsi deyil. Bu kampaniya Azərbaycanın yaxın 20 ildə  hansı insan kapitalına malik olacağını müəyyən edən strateji qərarlar toplusudur.

Bu məqamda  əsas məsələ “hansı ixtisası bağlayaq?” sualı deyil. Daha vacib məsələ Sİ və rəqəmsal iqtisadiyyat dövründə Azərbaycan hansı bilik və bacarıqlara malik mütəxəssislərə ehtiyac duyacaq, ali təhsil sistemi bu ehtiyacı indidən necə qarşılayacaq kimi olmalıdır. Bu sual elmi əsaslarla cavablandırılmasa, qəbul planları yalnız statistik göstəricilər olaraq qalacaq.

Unutmatyaq ki, ali təhsil siyasəti ölkənin uzunmüddətli iqtisadi inkişafı, texnoloji suverenliyi və qlobal rəqabət qabiliyyətinin formalaşdırılmasının əsas alətlərindən biridir.

Dosent İlham Əhmədov