“Kontakt Home” mağazası ilə bağlı növbəti müştəri şikayəti yayılıb. Bu dəfə mağazadan alınan printerin nasaz olduğu, lakin məhsulun dəyişdirilməsi ilə bağlı problemin həll edilmədiyi iddia olunur.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətçi Nahid Həsənli paylaşım edib. O bildirib ki, aldığı printerin zavod qüsurlu olduğu müəyyənləşsə də, məhsulun dəyişdirilməsi mümkün olmayıb.
Nahid Həsənli başına gələnləri belə təsvir edib:
“Şikayətim ‘Kontakt Home’ mağazasındandır. Sentyabrın 27-də Sahil filialından printer almışıq. Anbarda olduğu üçün ünvana çatdırılmasını istəmişik. Sentyabrın 29-da axşamüstü təhvil verilib. Sentyabrın 30-da məktəbin İT mütəxəssisi printeri qoşmağa çalışdı və məlum oldu ki, cihaz işləmir.
Oktyabrın 1-də məhsulu aldığımız filiala apardım. Filialın eksperti bir saat ərzində printeri yoxladı və onun zavod qüsurlu olduğunu bildirdi. Həmçinin məhsulun dəyişdirilə biləcəyini dedi.
Lakin əvvəlcə printer servisə göndərilməli idi ki, mütəxəssis rəy versin. Həmin gün cihazı ‘Reset Servis’in Qarayev filialına apardım. Qeydiyyat zamanı məsələni ətraflı izah etdim və printerin yenisi ilə əvəz olunmasını istədim.
13 gün keçdikdən sonra servis zəng edərək printerin içərisində hansısa lentin olmadığını və onun yerinə qoyulması üçün 29 manat ödəməli olduğumu bildirdi. Mən isə printeri servisə təhvil verərkən yenisi ilə dəyişdirilməsini istədiyimi, təmirə ehtiyac duymadığımı söylədim.
Bir həftədən çoxdur ki, hər gün zəng edirik, lakin eyni cavabları alırıq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də şikayət etmişəm, amma müraciətimə baxan yoxdur”.
Məsələ ilə bağlı “Kontakt Home”un mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul












