Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA

Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ildə saat 23:16 radələrində paytaxt ərazisində baş verib.

Belə ki, Zakir Tağıyev özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı olan İsmət Dadaşlı ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. Onların əvvəlcədən razılaşdırılmış plan əsasında hərəkət etdikləri və zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) pulunu ələ keçirmək niyyətində olduqları bildirilib.

İttiham materiallarında göstərilib ki, hər iki şəxs zərərçəkmişə yaxınlaşaraq aralarında əvvəlcədən müəyyənləşdirilmiş rollara uyğun hərəkət ediblər. Zakir zərərçəkmişin müqavimətini qırmaq və hərəkət imkanlarını məhdudlaşdırmaq məqsədilə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.

Nəticədə zərərçəkmiş şəxsin sol göz yuvası ətrafında iri ölçülü dərialtı hematoma, gözün ağlı qişasında qansızma, ənsə nahiyəsində qançır, alt dodağında və çənə nahiyəsində sıyrıqlar yaranıb.

Zakir zərərçəkmişə fiziki zor tətbiq etdiyi vaxt İsmət onun cibindəki pul kisəsini çıxarıb. Pul kisəsində olan 12 manat nağd pul ələ keçirildikdən sonra hər iki şəxs hadisə yerindən uzaqlaşıb.

Daha sonra cinayət yolu ilə əldə etdikləri pulu öz aralarında bölüşdürdükləri və T.T.-yə 12 manat məbləğində maddi ziyan vurduqları bildirilib.

Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Tağıyevə 8 il 6 ay, İsmət Dadaşlıya isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib./pravda.az