Təhsil ekspertlərindən deputata SƏRT cavab

Təhsil ekspertlərindən deputata SƏRT cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın dərslərin saat 10:00–11:00-da başlaması ilə bağlı təklifi reallıqdan uzaqdır və üzərində ciddi düşünülmədən irəli sürülüb. Uzun illər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbərlik etmiş və təhsil sisteminin içindən gələn bir şəxsin belə bir təkliflə çıxış etməsi təəccüb doğurur.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Əmrah Həsənli bildirib. Onun sözlərinə görə, məktəblərin ətrafında yaranan xaos və sıxlıq şəhərin ümumi tıxacından daha böyük problemdir və dərs saatlarını sadəcə kağız üzərində sürüşdürməklə bu məsələ həll olunmur:

“Digər tərəfdən, ölkədə rəsmi iş saatları saat 09:00-da başlayır, valideynlər səhər saat 07:00–08:00 aralığında evdən çıxıb uşaqlarını məktəbə qoyur və tələsik işə tələsirlər.

Dərslərin saat 10:00 və ya 11:00-da başlaması işləyən valideynlərin gündəlik rejimini darmadağın edir.

Ən başlıcası isə ölkəmizdə iki və hətta üç növbəli rejimdə fəaliyyət göstərən məktəblər var. Səhər növbəsinin belə gec başlaması növbəti növbələrin saatlarını axşama doğru itələyəcək, nəticədə şagirdlər evə çox gec dönəcək və normal istirahət edə bilməyəcəklər.

Təhsil sistemi ilə bağlı hər hansı təklif irəli sürülərkən bütün bu sosial və pedaqoji reallıqlar dərin təhlil olunmalı və yalnız bundan sonra ictimaiyyətə təqdim edilməlidir”.

Təhsil eksperti Ramin Nurəliyev də deputatln fikirləri ilə razılaşmayıb. O bildirib ki, şəhərdə tıxacı təkcə məktəblır yaratmır:

“Bəlkə, dərslər gecə saatlarında olsun? Bütün tıxac problemi həll olunar…

Hərə ağlına gələn bir təklif verir. Daha düşünmür ki, işləyən valideynlər var, uşağını saat 8 də məktəbə gətirib, ordan da öz işinə gedir.

Düşünmürlər ki, məktəblərdə iki növbəli, hətta bəzisində üç növbəli dərslər təşkil olunur…

Bilmirlər ki, şəhərin tıxac məsələsi sadəcə məktəblərə gedən şagirdlərlə bağlı deyil…

Adama deyərlər, illərlə Təhsili idarə edən vaxtı bu təklifi niyə vermirdin?”.

Gülşən Rəsul