Azərbaycanda elektron attestatların apostilləşdirilməsi ilə bağlı yaranan problem xaricdə təhsil almaq istəyən abituriyentlər üçün ciddi çətinlik yaradıb.
Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, attestatların elektronlaşdırılması prosesində xaricdə təhsil üçün sənəd təqdim edən şəxslərin ehtiyacı nəzərə alınmayıb.
Nəticədə elektron attestata apostil vurdurmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşiblər.
Məlumata görə, bununla əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərə tapşırıq verərək, xaricdə təhsil üçün müraciət edən şəxslərə kağız attestatların təqdim olunmasını istəyib.
Məlumata görə, bu istiqamətdə müraciət edən şəxslərə əvvəlki günədək kağız attestatlar verilib.
Lakin belə mühüm məsələyə dair müvafiq təlimatın əvvəlcədən ictimaiyyətə açıqlanmaması da suallar doğurur.
Bəzi vətəndaşların isə elektron attestata apostil vurdurmaq üçün “ASAN xidmət”ə müraciət etdiyi bildirilir. Qeyd edək ki, “ASAN xidmət” apostil verən qurum deyil.
Apostillə bağlı məsələlər aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərilib.
Qeyd edək ki, apostil 1961-ci il Haaqa Konvensiyasına əsasən, bir ölkədə verilmiş rəsmi sənədin digər ölkədə tanınmasını təmin edən xüsusi təsdiqdir.
Gülşən Rəsul









