Hər il avqustun 12-də Beynəlxalq Gənclər Günü kimi qeyd edilir. Bu günün təsis olunması barədə qərar 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Bu günün əsas məqsədi gənclərin ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına təkan vermək, onların nailiyyətlərini tanıtmaq və qarşılaşdıqları problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Tribuna.az BMT-nin saytına istinadla xəbər verir ki, 2026-cı ildə Beynəlxalq Gənclər Günü “Fərqli reallıqlar, ortaq arzular” devizi altında qeyd edilir.
Təşkilatın bəyanatında bildirilir ki, gənclər yaşadıqları məkandan asılı olaraq fərqli reallıqlarla üzləşsələr də, bu gün qarşılaşdıqları bir çox mühüm problemlər sərhədləri aşır:
“Keyfiyyətli təhsilə məhdud çıxış, layiqli iş imkanlarının qarşısındakı maneələr, rəqəmsal bağlantıda bərabərsizlik, iqlim dəyişmələri, sosial təcrid və psixi rifahla bağlı narahatlıqlar bütün dünyada milyonlarla gəncə təsir göstərir.
Bu problemlər çox vaxt ən az inkişaf etmiş ölkələrdə, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə və kiçik ada dövlətlərində daha kəskin xarakter daşıyır. Maliyyə imkanlarının məhdudluğu, coğrafi təcrid, iqlim dəyişmələrinə həssaslıq və infrastruktur çatışmazlıqları kimi struktur amillər gənclər üçün mövcud imkanları məhdudlaşdıra bilər.
Bununla yanaşı, həmin ölkələrdə yaşayan gənclər sahibkarlıq, rəqəmsal texnologiyalar, icma təşəbbüsləri, iqlim dəyişmələrinə uyğunlaşma və sosial innovasiyalar vasitəsilə yeni və yaradıcı həllər irəli sürürlər”,- deyə BMT vurğulayır.
Gənclərin inkişafına yönəlmiş bu kimi qlobal çağırışlar Azərbaycanın təcrübəsində də öz əksini tapıb. Hələ 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi MDB və Şərqi Avropa məkanında bu sahədə atılmış ilk və unikal təşəbbüs idi.









