Yanan təhsil, yanan şagird

Yanan təhsil, yanan şagird

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən elə hadisələr olur ki, xəbər kimi yox, bütöv bir sistemin aynada əksi kimi görünür. Bakı məktəblərindən birində baş verən hadisə də məhz belədir. Bir şagirdin digər şagirdin üstünə yandırıcı maddə töküb, onu alovlandırması artıq sadəcə məktəbdaxili insident deyil. Bu, insanı sarsıdan, düşündürən və ən əsası, ciddi suallar doğuran bir siqnaldır.

Mən belə bir hadisə heç vaxt (nə bizim məktəblərdə, nə də başqa ölkələrin məktəblərində) eşitməmişdim. Bu qədər qəddar bir davranışın məktəb mühitində ortaya çıxması təsadüfi deyil.

Bu, “birdən-birə” yaranan fikir də deyil. Bu, haradasa formalaşan, nəzarətsiz qalan, vaxtında qarşısı alınmayan bir davranışın nəticəsidir.

Bu hadisə məktəblərdə şagirdlərin az olması fonunda baş verib, belə ki, şagirdlərinin çoxu dərsdən “icazəli yayınıb” repetitor yanında olurlar. Biz bu kimi hadisələrdə məktəbin təlim-tərbiyə prosesinin, davamiyyətin pozulmasının xüsusi rol oynadığını qeyd etmək istəyirik. Məktəb artıq özünün bir çox mühüm funksiyalarını itirib. Xüsusən son 10 ildə bu aydın görünür.

İllərdir böyük təqdimatlarla ictimaiyyətə göstərilən, “məktəblinin dostu” layihəsi haradadır? Məktəbdə təhlükəsiz mühit yaratmaq, şagird davranışlarını izləmək, riskləri vaxtında müəyyənləşdirmək kimi məqsədlər bu layihənin əsas vəzifəsi deyildimi? Əgər belə hadisələr baş verirsə, onda deməli bu layihənin mexanizmləri yarımçıqdır, işləmir. Bu lazımsız ştatların əvəzinə bəlkə məktəb psixoloqlarının sayını artıraq?

Bu hadisə bir həqiqəti də açıq göstərdi ki, təhsil yalnız dərs deməkdən ibarət deyil. Təhsil həm də mühit yaratmaqdır, davranış formalaşdırmaqdır, təhlükəsizliyi təmin etməkdir. Əgər bu komponentlərdən biri zəifdirsə, digərləri nə qədər güclü olsa da, sistem balansını itirir.

Hadisənin digər pis tərəfi də budur ki, belə hadisələr baş verəndə biz çox vaxt onu “istisna” kimi qəbul etməyə çalışırıq. Halbuki, bu istisna yox, ciddi xəbərdarlıqdır. Bu, təhsil sistemində ciddi boşluq yarandığını göstərən açıq siqnaldır.

Biz məktəbdə bilik veririk, yoxsa insan formalaşdırırıq? Məktəb daha bilik vermir, şagird repetitorun yanında əzbərçiliklə məşguldur. Məktəb davamiyyətin pozulmasına rəvac verdiyi üçün, məktəbdə təlimlə yanaşı, tərbiyə sistemi də çöküb. Bu halda isə belə hadisələrin yenə də təkrarlanması təəccüblü olmayacaq. Çünki nəzarətsiz qalan mühitdə riskli davranış gec-tez ortaya çıxır.

Əgər təhsil sistemində tezliklə ciddi qayda-qanun yranmasa, təsadüfi kadrlar bu sistemdən təmizlənməsə, onda təhsildə belə insidentlər hələ çox olacaq.

Dosent İlham Əhmədov