İranın dini lideri Əli Xamineyinin nəşi hələ də dəfn edilməyib.
Tribuna.az xəbər verir ki, bunu Məşhədin imam cüməsi Əhməd Ələm əl-Huda deyib.
O bildirib ki, Məşhəddə bunun üçün hazırlıqlar tam başa çatdırılıb. Lakin o, eyni zamanda təhlükəsizlik məsələlərinin də həllini tapmasını qeyd edib. “Xamineyini qarşılamaq üçün Məşhəddəki dindarlar hazırdırlar. Bunun üçün hazırlıq işləri bitib. Yalnız təhlükəsizlik məsələləri qalıb ki, bunu gözləyirik”.
Lakin İranda sosial şəbəkələrdə yayılmış xəbərlərdən belə başa düşülür ki, dəfnin baş tutmamasının səbəbi rejim mənsublarının bəzi məsələlərdən qorxması ilə bağlıdır. Birincisi, Xamineyi İranın dini lideridir, onun dəfnində rejimin bütün siyasi və hərbi ərkanının iştirakı vacibdir. Lakin indiki dönəmdə bu risk yaradır. Siyasi və hərbi rəsmilər üzə çıxacaqları təqdirdə, sui qəsdlə üzləşcəklərindən ehtiyat edirlər.
İkincisi, İranın yeni dini lideri Müctəba Xamineyinin hələ də üzə çıxmamasıdır. Onun atasının dəfnində iştirakı daha vacibdir. Həmçinin ata Xamineyinin cənzaə namazını məhz yeni dini lider qılmalıdır. Lakin Müctəbanın sağ olub, olmadığı belə mübahisəli məsələdir.
Üçüncüsü isə rejim mənsublarının bəzi məsələlərdən ehtiyatlanması və dəfn işlərinin İranda deyil, məhz İraqın Nəcəf şəhərində keçirilməsi barədə düşünmələridir. Bu qorxunun səbəbi də odur ki, gələcəkdə rejimə qarşı olan insanlar Xamineyinin məzarını təhqir edə bilərlər.
Bütün bunlara baxmayaraq, görünən odur ki, Xamineyinin dəfni hələ bir xeyli uzanacaq. İranda müharibə riski davam edir. Onun nə ilə nəticələnəcəyi də məlum deyil.
Fərda Uğur









