Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan “WhatsApp”ın ödənişli abunə sistemi üzərində işlədiyi iddia olunur.
Tribuna.az xəbər verir ki, “WhatsApp Plus” adlandırılan yeni modelin istifadəçilərə əlavə funksiyalar təqdim edəcəyi gözlənilir.
İddialara görə, platforma artıq bu sistemi məhdud sayda istifadəçi ilə test etməyə başlayıb. Aylıq təxminən 2,49 avro səviyyəsində olacağı bildirilən abunəlik paketinin tətbiqin əsas funksiyalarına təsir etməyəcəyi qeyd olunur. Mesajlaşma və zəng xidmətlərinin əvvəlki kimi pulsuz qalacağı, ödənişli paketin isə əlavə imkanlar təqdim edəcəyi vurğulanır.
Yeni modelin “Instagram”ın təqdim etdiyi abunə sistemlərinə bənzər şəkildə qurulacağı ehtimal edilir.
Məlumata əsasən, “WhatsApp Plus” paketində istifadəçilər üçün bir sıra yeniliklər nəzərdə tutulur. Bunlar arasında söhbət sabitləmə limitinin artırılması (mövcud 3-dən 20-yə qədər), tətbiq ikonunun dəyişdirilməsi, fərqli rəng paletləri ilə interfeysin fərdiləşdirilməsi və yalnız abunəçilərə xüsusi stiker paketlərinə çıxış kimi funksiyalar yer alır. Eyni zamanda, hər söhbət üçün fərqli bildiriş səsləri təyin etmək və fərdi çat siyahıları yaratmaq kimi imkanların da təqdim olunacağı bildirilir.
Hazırda sınaq mərhələsində olan sistemin testlər tamamlandıqdan sonra mərhələli şəkildə bütün dünyada istifadəyə verilməsi gözlənilir./









