Universitetlərin nə potensialı var ki?

Universitetlərin nə potensialı var ki?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Universitetlər, biznes və beynəlxalq tərəfdaşlıq bir araya gəldikdə daha effektiv nəticələr əldə olunur”.
(E. Əmrullayev).

Nazir bu günlərdə bir tədbirdə deyirdi ki, uğurlu nəticələrin əldə olunması ali təhsil müəssisələrinin öz potensialını gücləndirməsi ilə mümkündür.

Maraqlıdır, ali məktəblərin nə potensialı var ki? Olan potensialı da 35 ildir ancaq təmir – tikintiyə yönəldirlər, təbii ki, ETN razılığı ilə. Əgər həqiqətən ETN inkişaf maraqlandırısa, onda universitetlərin təmirinə 5 illik maratoriya, qadağalar qoysun, onda 5 ilə müəyyən inkişaf da mümkün ola bilər.
Zorla PHŞ edilən universitetlər özünə keyfiyyətli dərsliklər və tədris metodik baza yaratmağa, təhsilin keyfiyyətini yüksəltməyə, rəqəmsallaşmağa 35 ildir ki, pul tapmır. Nazir isə onlara öz potensialları ilə inkişaf etməyi, daxili imkanlarla irəli çıxmağı tövsiyyə edir.


Bu dəst xətt əvvəldən məlum idi, dövlət büdcədən universitetlərə inkişaf üçün pul ayırmaq istəmir, heç vaxt da bunu etməyib (yalnız yeni korpuslar tikib). Universitetlərin PHŞ edilmə səbəbi də bu idi. Amma Gürcüstan yeni yaratdığı Kutaisi Beynəlxalq Universitetinə 3 ildə 3 milyard avro investisiya etmişdi. Bu məbləğ 35 ildə bizim 50 universitetin toplam büdcəsindən çoxdur. Təbii ki insan kapitalı yaratmaq, bahalı, kapital tutumlu işdir. Əlbəttə ki, “ucuz ətin şorbası” ilə hazırlanan insan kapitalı, kvadratın sahəsini və perimetrini tapa bilməz.

Bəs 5 qat artan təhsil büdcəsini ETN hara xərcləyir?
Niyə universitetlərimiz bu kökdədir?
Bu durum nə vaxta qədər davam edəcək?
Bir ay əvvəl böyük bir heyətlə ETN Qazaxstana getmişdi, oradakı universitetlərin inkişafını görüb, az da olsa utandılarmı? 35 il əvvəl biz eyni start durumda idik, İran və Türkiyə universitetlərindən isə irəlidə idik. İndi onların universitetləri hardadır, biz hardayıq?
Daha sonra nazir deyir ki, biznes kömək etsin. Axı bizim ölkədə bu real deyil, niyə xəyallara dalırıq?
Nazirin digər təklifi beynəlxalq əməkdaşlıqdır. Universitetlərimiz əməkdaşlıq, ikili diplom v.s. adla nə vaxta qədər xarici universitetlərə xahiş- minnət edəcək? Niyə heç kim bizdən heç nə öyrənmək istəmir, elə daim biz onun bunun işini təqlid etməliyik? Quyuya su tökməklə quyu dolmaz, əgər bu quyuda su yoxdursa. Universitetlərimiz 35 illik durğunluqdan çıxa bilmirlər.

Göründüyü kimi nazir 3 təklif verib, hamısı da səmərəsiz, faydasız. Bizim universitetlərin potensialı zəifdir, özləri inkişaf edə bilməz, heç kim də onlara borclu deyil (nə biznes, nə də xarici universitetlər), heç kim onlara real kömək edəsi də deyil. Onlara köməyi ETN etməlidir, o da 35 ildir yaxasını kənara çəkir, qrant vermir, layihə vermir, dövlət proqramı hazırlamır, investisiya etmir. Nazir isə səhv ideyalar verir, yanlış ünvanlar göstərir.
ETN əgər universitetlərin potensialından səmərəli istifadə etmək istəyirsə, heç bir imkanı da yoxdursa (5 milyardlıq büdcə bəs?), heç olmasa 35 il davam edən universitetlərin təmir- tikinti biznesini (talanını) saxlasınlar. Sovet vaxtı universitetlər 10 ildə 1 dəfə, indi isə ildə 2 dəfə təmir edilir… Bu da nəticəsi.

Amma illər də sürətlə gedir, universitetlərin geriliyi də ilbəil artır. Post neft dövrü də qapını döyür ..

Dosent İlham Əhmədov 

Tribuna.az