Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Türkiyədə qızıl bazarında qeyri-adi vəziyyət müşahidə olunur. Qiymətlərin kəskin dəyişməsi fonunda vətəndaşlar zərgərlik mağazalarına axışıb. Borcu olanlar borclarını bağlamaq, investisiya etmək istəyənlər isə uzun növbələr yaradıb.
Lakin Türkiyə bazarında qram, çeyrek, yarım və tam qızıl tapmaq çətinləşib. Bildirilir ki, zərgərlər mağaza vitrinlərinə bu məhsulların qalmadığına dair elanlar yerləşdirirlər.
Qazanc marjaları kəskin artıb
Türkiyənin qızıl bazarının əsas mərkəzlərindən olan Kapalıçarşı-da qiymətlər diqqət çəkir. Hazırda qram qızılın real dəyəri təxminən 6500 lirə olsa da, bazarda 6950 lirəyə satılır.
Bu isə o deməkdir ki, zərgərlər qızılı daha yüksək qazanc marjası ilə satışa çıxarır. Nəticədə 1 kilo qızıl 6 milyon 500 min lirə əvəzinə 6 milyon 950 min lirəyə təklif olunur.
Hər kiloqramda 10 min dollar qazanc
Hesablamalara görə, Türkiyədə 1 kilo qızılın real dəyəri 146 min 528 dollar olduğu halda, satış qiyməti 156 min 672 dollara çatır.
Beləliklə, hər kiloqram qızıldan təxminən 10 min dollar qazanc əldə olunur.
Qızıla tələbat dolları da artırır
Ekspertlər bildirir ki, Türkiyədə qızıla olan yüksək tələbat dolayı yolla dollara olan tələbi də artırır. Bu isə daxili bazarda valyutanın aktiv qalmasına səbəb olur.
İmran Kərimli









