Sosial şəbəkələrdə son günlər müxtəlif ölkələrdə əhalinin ərzaq və digər zəruri məhsulları ehtiyat üçün aldığına dair videolar yayılır. Market rəflərindəki məhsulların görüntüləri və insanlara ehtiyat toplamaq tövsiyələri narahatlıq yaradır. Bir çox insan baş verənlərin səbəbini, dünyada hansı təhlükənin gözlənildiyini anlamağa çalışır. Lakin yayılan görüntülərdəki çağırışların konkret hansı risklərlə bağlı olduğu hər zaman aydın göstərilmir. Bu isə sosial şəbəkələrdə müxtəlif ehtimalların və sualların yaranmasına səbəb olur.
Tribuna.az xəbər verir ki, yaxın günlərdə Yaponiyada əhalinin fövqəladə hallara hazırlığı ilə bağlı çağırışlar müzakirələrə səbəb olub. İnsanlara mümkün fövqəladə vəziyyətlər zamanı gündəlik ehtiyaclarını qarşılaya bilmələri üçün əvvəlcədən ərzaq, içməli su və digər zəruri ləvazimatlar saxlamaq tövsiyə edilir.
Məlumatlara görə, Yaponiyada əhaliyə ən azı üç günlük, imkan daxilində isə bir həftəlik ehtiyat hazırlamaq məsləhət görülür. Bu ehtiyatlara içməli su, uzun müddət saxlanıla bilən ərzaqlar və fövqəladə vəziyyətlərdə lazım ola biləcək digər vasitələr daxildir.
Oxşar tövsiyələr Böyük Britaniyada da səsləndirilib. Britaniya hökuməti fövqəladə vəziyyətlər zamanı insanların ilk 72 saat ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmələri üçün hazırlıqlı olmalarını tövsiyə edib.
Belə çağırışların əsas məqsədi təbii fəlakətlər, elektrik və su təchizatında fasilələr, nəqliyyat və digər xidmətlərin fəaliyyətində yaranan problemlər zamanı əhalinin çətin vəziyyətdə qalmamasıdır.
Bəs insanlar niyə narahatdır?
Mütəxəssislərin və rəsmi qurumların fövqəladə hallara hazırlıq çağırışları sosial şəbəkələrdə yayılan görüntülərlə birləşdikdə cəmiyyətdə əlavə narahatlıq yarada bilər. İnsanlar bu tövsiyələrin arxasında daha ciddi təhlükənin dayanıb-dayanmadığını düşünürlər.
Bununla belə, mütəxəssislər hesab edir ki, əhalinin ehtiyat toplamağa çağırılması özlüyündə müharibənin başlayacağı və ya qlobal fəlakətin qaçılmaz olduğu anlamına gəlmir. Belə tədbirlər, bir qayda olaraq, müxtəlif fövqəladə ssenarilərə əvvəlcədən hazır olmaq məqsədi daşıyır.
Mütıxıssislər hesab edir ki, sosial şəbəkələrdə yayılan hər görüntünün kontekstini və mənbəyini yoxlamaq vacibdir. Ayrı-ayrı ölkələrdə oxşar tövsiyələrin verilməsi onların eyni təhlükəyə hazırlaşdıqlarını sübut etmir.
Gülşən Rəsul









