“VİP Motors” MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır.
Tribuna.az xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir.
Məhkəmə Zeynal Usubovun şikayəti əsasında “VİP Motors” MMC-nin banklardakı hesablarında olan pul vəsaitlərinə 62 min 750 manat məbləğində həbs qoyulması barədə qərar qəbul edib.
Ərizəçinin bildirdiyinə görə, şirkət daşınmaz əmlakların subicarəyə verilməsi və avtomobil satışı ilə gəlir əldə etsə də, ona dividend ödənilməyib. Direktorun əsas icarə müqaviləsi üzrə ödənişləri həyata keçirməməsi səbəbindən müqavilənin ləğvi təhlükəsi yaranıb. Nəticədə təsisçi 62 min 750 manatlıq icarə borcunu özü ödəməli olub.
Təsisçi Zeynal Usubov direktorun fəaliyyəti ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparıldığını, şirkətdə audit keçirilməsi istiqamətində tədbirlər görüldüyünü də bildirib.
Məhkəmə gələcək qərarın icrasının çətinləşə biləcəyini nəzərə alaraq şirkətin bank hesablarına 62 min 750 manat həcmində həbs qoyub. Əməkhaqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişləri isə məhdudiyyətdən kənarda saxlanılıb.
Qeyd edək ki, şirkətin reyestr məlumatlarına əsasən, hazırda “VİP Motors” MMC-nin qanuni təmsilçisi Kənan Səmədov Cümşüd oğludur. Reyestrdə əvvəlki dövrlərdə Famil Abdiyev Faiq oğlu, Ramin Talıbov Cavanşir oğlu və Cəsarət Cəfərov Azahir oğlunun da adları yer alıb.
Xatırladaq ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib. Zeynal Usubovun atası Mütəllim Usubov vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Yasamal şöbəsinin rəisi olub. O 2024-cü ildə investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirmək məqsədi ilə yatırdığı 945 min manatının Alışan Nizami Akif oğlu tərəfindən dələduzluqla ələ keçirilməsi ilə bağlı da gündəmə gəlmişdi. 2024-cü ilin yayında Zeynal Usubovun Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı.
Qaynarinfo









