Problemli kreditlər  artır: Ən çox borc hansı bankdadır?

Problemli kreditlər artır: Ən çox borc hansı bankdadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi sürətlə artır. İlin əvvəlindən problemli kreditlər üzrə göstərici 43,8 faiz yüksəlib. Bankların kredit portfelində gecikmiş borcların payı da ötən ilin sonu ilə müqayisədə artıb.

Tribuna.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı il oktyabrın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin həcmi 754,3 milyon manat təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 4,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42,8 faiz çoxdur.

Ötən ilin sentyabr ayının sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 1,7 faiz olduğu halda, bu ilin sentyabrında göstərici 2,1 faizə yüksəlib. İlin əvvəlində 524,5 milyon manat təşkil edən gecikmiş kreditlərin həcmi doqquz ayda 229,8 milyon manat artıb.

Ən çox problemli kredit hansı bankdadır?

Araşdırmalara əsasən, oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği ən çox Azərbaycan Beynəlxalq Bankında qeydə alınıb.

Banklar üzrə göstəricilər belədir:

– Azərbaycan Beynəlxalq Bankı – 386,7 milyon manat;
– Kapital Bank – 216,5 milyon manat;
– Xalq Bank – 71,7 milyon manat;
– PAŞA Bank – 67,8 milyon manat.

Beləliklə, ilk iki bankın vaxtı keçmiş kreditlərinin ümumi məbləği 603,2 milyon manata çatıb. Bu, ölkə üzrə qeydə alınan 754,3 milyon manatlıq göstəricinin təxminən 80 faizidir.

Əvvəlki illərlə müqayisədə vəziyyət necə dəyişib?

Vaxtı keçmiş kreditlərin uzunmüddətli dinamikası göstərir ki, əvvəlki illərdə azalma müşahidə olunsa da, son dövrdə artım yenidən sürətlənib.

2023-cü ilin əvvəlində bu göstərici 593,7 milyon manat, 2024-cü ilin əvvəlində 437,8 milyon manat, 2025-ci ilin əvvəlində isə 449,1 milyon manat olub. 2026-cı ilin əvvəlinə 524,5 milyon manata çatan vaxtı keçmiş kreditlərin həcmi oktyabrın 1-nə 754,3 milyon manata yüksəlib.

Beləliklə, 2026-cı ilin ilk doqquz ayında gecikmiş kreditlərin məbləği 43,8 faiz artıb. Bu, kredit öhdəliklərinin icrası ilə bağlı risklərin artdığını göstərən göstəricilərdən biridir.

Bank-maliyyə eksperti Əkrəm Həsənov əvvəlki açıqlamalarından birində problemli kreditlərin artmasını gəlirlərlə xərclər arasındakı fərqlə əlaqələndirib. Onun fikrincə, qiymətlərin yüksəlməsi, gəlirlərin eyni templə artmaması və sahibkarların maliyyə çətinlikləri kreditlərin vaxtında qaytarılmasına mane ola bilər.

Gülşən Rəsul