ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə “Dorian” qasırğasının Alabama ştatını da vuracağı iddiasına haqq qazandırmaq üçün təhrif edilən saxta xəritə göstərib.
Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, ABŞ-da meteorologiyanın hava proqnozları ilə bağlı xəritələrindən sui-istifadə cinayət sayılır.
Ölkə qanunvericiliyi belə cinayət törədən şəxslərin 90 günə qədər həbs olunmasını nəzərdə tutur.
Məlumata görə, meteorologiya stansiyası 20 dəqiqə sonra “Twitter” səhifəsində D.Trampın dediklərini təkzib edib:
“Alabama “Dorian”dan zərər görməyəcək. Təkrar edirik, “Dorian” qasırğası Alabamaya heç bir təsir göstərməyəcək”.
D.Tramp isə nümayiş etdirdiyi xəritəni kimin hazırlaması barədə suala cavabında deyib:
“Bilmirəm, bilmirəm”.
CNN televiziyası bildirib ki, ABŞ prezidenti son bir həftə ərzində çoxu “Twitter” vasitəsi ilə olmaqla ictimaiyyətə 62 dəfə yanlış məlumat verib.









