İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Tribuna.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Bu gün hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Mahiyyətə uyğun olaraq əvvəlcə təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib.
S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilə kimi həbs nəzərdə tutulur.
Vəkili Ceyhun Məmmədov müvəkkilinin yaşını və səhhətini nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Lakin məhkəmə hazırkı mərhələdə vəsatəti əsaslı hesab etməyib.
İbtidai istintaq müddətində hər hansı qanun pozuntusuna yol verilmədiyindən tərəflərin razılğı ilə cinayət işi məhkəmə baxışına verilib.
Əsas iclas mayın 20-nə təyin edilib.
Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May-Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.









