Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır.
Tribuna.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya komandaların üzvləri və məşqçiləri müraciət edib.
Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqlarını ala bilmirlər.
Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son 2 ayın maaşı verilməyib. Belə ki, kişilərdə çempionatın lideri olan “Bakı” komandasının 3 legioneri bu səbəbdən ölkəni tərk edib: “Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi 1 ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir. Legionerlərin hamısı, demək olar ki, komandalardan gedib. Bəzi oyunçular isə yaş səbəbilə həndboldan uzaqlaşdırılıb. Halbuki idmanda elə bir qayda yoxdur ki, hansısa idmançı bu yaşında karyerasını bitirməlidir. Biz çempionatdan imtina etmirik, amma matçlara getmək üçün pul yoxdur. Federasiyanın bizdən nəsə tələb etməyə də haqqı yoxdur”.

Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmır. “AHF Arena”nın icarəhaqqı da 20 min manatı keçib və orada da məşq üçün şərait yaradılmır: “Biz oyunları dayandırmağı tələb etdik, lakin heç cavab almadıq. Bundan sonra maaşlarımızı alana qədər heç bir oyuna, yarışa getməyəcəyik. Oyunçuların məşqə gəlməyə cibində pul yoxdur. Gənc həndbolçuları da bu idmandan soyudurlar. Hər dəfə də deyirlər ki, səbr edin. Danışırıq və yalan vədlər verirlər.
Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov da suallara cavab vermir. Heç kəs maaşların nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq söz demir”.
Şikayətlə bağlı Yusif Atakişiyev saytımıza açıqlamasında maliyyə problemləri yaşadıqlarını təsdiqləyib: “Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqlarını verməkdə çətinlik çəkirik. Problemin nə olduğunu isə rəhbərlik bilər. Məndə heç bir məlumat yoxdur”.
Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Vüsal Nəsirli əvəzləyib.









