“Müharibə Rusiya ərazilərinə keçib. Putinin ordusu eyni vaxtda iki cəbhədə döyüşməyə məcbur olub. Həm ölkəni qorumaq, həm Ukraynada döyüşmək çətinləşir. Rusiya şəhərlərinə hücumla genişlənəcək. Bundan sonra proses dayanmayacaq”.
Tribuna.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Ramiyə Məmmədova bildirib. Onun fikrincə, Ukrayna həm əks-hücum edərək torpaqlarını azad etməyə çalışır, həm də dronlarla Rusiyanı vurur: “Bu baxımdan savaşın gedişatında mürəkkəb faza yaranıb. Putin indi daha böyük zərbələr endirməli olacaq ki, bu da effekt verməyəcək. Kaxovkadakı bəndin vurulması da Ukraynanın gözünü qorxutmadı. Putin daha nə etməlidir ki? Ya gərək taktiki nüvə başlığından istifadə edə, ya da döyüşlərin istiqamətini dəyişə…”
Qeyd edək ki, Rusiyanın Voronej şəhərinin Belinski küçəsinə pilotsuz uçuş aparatının düşməsi nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib. “İlkin məlumatlara görə, pilotsuz uçuş aparatı Voronej şəhərinin Belinski küçəsinə düşüb. Orada xüsusi xidmət orqanları işləyir”, – o yazıb. Qusev əlavə edib ki, binanın sakinlərinin təxliyyə edilməsinin zəruri olub-olmamasına mütəxəssislər qərar verir. Qeyd edək ki, 2 qurban barədə məlumat verilmişdi. Onlara hadisə yerində tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirmə tələb olunmayıb.









