“Ana üşüməsin deyə…” – Polad Həşimovun bacısından duyğulandıran paylaşım

“Ana üşüməsin deyə…” – Polad Həşimovun bacısından duyğulandıran paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Tribuna.az xəbər verir ki, Kəmalə Həşimova paylaşımında Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, şəhid və qaziləri təbrik edib, Vətən uğrunda canından keçən qəhrəmanları ehtiramla yad edib.

O, paylaşdığı fotoda diqqət çəkən bir məqama da toxunub. Belə ki, şəhidlərin məzarını ziyarət edən insanların arasında bir polis əməkdaşının soyuq havada üşüməsin deyə əynindəki yağışlığını yaşlı anaya verməsini xüsusi vurğulayıb.

Kəmalə Həşimova həmin görüntünü belə şərh edib:

“O gün də hava bugünkü kimi soyuq olsa da, şəhidlərimizi vəfa borcu olaraq ziyarət edən şərəfli igid xalqımı, başda bu zəfəri bizə yaşadan şəhid və qazilərimizi Zəfər bayramı münasibətilə təbrik edirəm. Ana üşüməsin deyə əynindəki yağışlığını anaya verən polis qardaşımızın timsalında şəhid polislərimizə Tanrıdan rəhmət diləyirəm. Hər zaman yanımızda olan Türkiyəmizə təşəkkür edirəm. Turan elinin Zəfər bayramı mübarək olsun”.

Qeyd edək ki, general-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. İyulun 15-də II Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Polad Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.