Elm və Təhsil Nazirliyi daha bir kənddə şagird sayı az olduğunu əsas gətirərək məktəbi bağlamaq istəyir.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Zülfiyyə Quluyeva yazıb. O bildirib ki, nazirliyin bağlamaq istədiyi məktəb Şəkinin Daşbulaq kənd orta məktəbidir:
“Kənddə işsizlikdən onsuz da adam qalmayıb. Kənd sakinləri illərdir su problemi yaşayırlar. Amma bunlara rəğmən insanlar o kəndi tam tərk etmirlər. Çünki onları o kəndə bağlayan çox mənəvi dəyərlər var. Əgər məktəbi də bağlasalar kənd tamamilə boşalacaq.
Kəndin yolu da normal deyil ki, şagirdlər digər kəndlərə gedib təhsil alsınlar. 90-cı illərin sonlarına kimi bu məktəbdə 100-dən çox şagird təhsil alıb.
İndi bu say 29 nəfərə düşüb. Kəndə 400 min manata büdcədən pul xərcləyib 80 yerlik modul məktəb inşa edilib. Bunlar da bir yana, bu məktəbdən neçə insan evinə çörək aparır. Tutaq ki, müəllimlərə başqa kəndlərin məktəblərində dərs verildi. Bəs bu məktəbin xadiməsi, gözətçisi, minimum əmək haqqı ilə dolanan işçilərinin taleyi necə olacaq?”.
Jurnalist qeyd edib ki, nazir Emin Əmrullayev qənaət etmək istəyirsə, nazirlikdəki şöbələrdən başlasın:
“Ümumiyyətlə hörmətli nazirimiz Emin Əmrullayevin şagird sayı az olan məktəblərə artıq xərc kimi baxmasını heç cürə qəbul edə bilmirəm. Əgər qənaət etmək istəyirlərsə, nazirliyin və onun strukturlarında bağlanmalı, artıq xərc olan çox şöbələr, ştatlar var. Onlardan başlasa yaxşı olar. Axı məktəb yalnız dərs keçilən bina deyil, bir kəndin elm, mədəniyyət və mənəviyyat ocağıdır.
Sanki bir məbəddir. Məktəb uşaqlara bilik verməklə yanaşı, insanları doğma yurda bağlayır, kəndin gələcəyinə ümid yaradır. Bir kənddə məktəbin yaşaması elə həmin kəndin yaşaması deməkdir.
Hörmətli nazir, siz bu kənddə məktəbi bağlamaqla Azərbaycanın növbəti bir kəndinin tam boşalmasına zəmin yaradırsınız. Mən qohumlarımın olduğuna görə, bu kəndə tez-tez gedib-gəlirəm. Dağların ətəyində yerləşən, qədim tarixi, abidəsi olan bu kənddə gənc ailələri yeganə saxlayan səbəb məktəbin olmasıdır. Məktəb bağlanarsa insanlar kəndi kütləvi tərk edəcək. Kəndlərdə insanların yaşaması dövlətin regional inkişaf siyasətinin əsas məqsədlərindən biridir. Məktəblərin bağlanması isə bu məqsədə xidmət etmir, əksinə, kəndlərin boşalmasını sürətləndirə bilər!”.
Nigar İxtiyarqızı














