İstədiyi ixtisas üzrə universitetə qəbul olmaq bir çox məktəblinin arzusudur. Amma bilmək lazımdır ki, Süni intellekt (Sİ) dövründə universitetə daxil olmaq son məqsəd deyil. Bu öyrənmənin yeni, daha mühüm bir mərhələsinin başlanğıcı, start mərhələsidir.
Əvvəllər tələbənin əsas məqsədi çox məlumat öyrənmək idi, indi isə əsas məqsəd məlumatı düzgün seçmək, yoxlamaq, əlaqələndirmək və yeni biliyə çevirmək olmalıdır.
ChatGPT, Gemini, Claude və digər generativ Sİ sistemləri mətn yaza, kod yarada, məqalə xülasə edə, tərcümə edə, mürəkkəb anlayışları izah edə və müəyyən analitik tapşırıqları yerinə yetirə bilir. Artıq universitet tələbəsinin “məlumat toplayan insan” modeli köhnəlib.
Yeni tələbə modeli Sİ ilə rəqabət aparan deyil, Sİ-dən səmərəli istifadə edərək öz intellektual imkanlarını genişləndirən gəncdir.
Tələbənin əsas məqsədi diplom deyil, intellektual kapital yaratmaqdır.
Universitetə daxil olan gənc ilk növbədə nə qiymət alacağı haqda yox, universiteti bitirəndə hansı intellektual və peşəkar imkanlara malik olacağı haqda düşünməlidir.
Diplom formal sənəddir. Əsl kapital fundamental bilik, analitik və tənqidi düşüncə, kommunikasiya, rəqəmsal savadlılıq, xarici dillər, tədqiqat bacarığı, problem həll etmə, komanda işi, yaradıcılıq, Sİ savadlılığıdır.
Sİ dövründə diplomun dəyəri “nə oxumusan?” sualı ilə yox, “nə edə bilirsən?” sualına verilən cavabla təyin edilir.
Tələbə Sİ-ni düşmən yox, intellektual tərəfdaş kimi qəbul etməlidir.
I kurs tələbəsi universitetə daxil olan kimi Sİ-dən istifadə etməyi öyrənməlidir (əgər hələ də bilmirsə). Tələbə bilməlidir ki, Sİ onun əvəzinə düşünməməli, onun daha yaxşı düşünməyinə kömək etməlidir.
Tələbə Sİ-dən mövzunu izah etmək, alternativ baxışlar əldə etmək, mürəkkəb mətni strukturlaşdırmaq, yeni suallar yaratmaq, test hazırlamaq, öz biliyini yoxlamaq, kod yazmaq və səhvləri tapmaq, xarici dil üzrə təcrübə toplamaq, məşq etmək, tədqiqat ideyaları formalaşdırmaq, ilkin ədəbiyyat xəritəsi yaratmaq üçün istifadə edə bilər.
Sİ-nin verdiyi cavabı tam həqiqət kimi qəbul etmək olmaz. Si inandırıcı, lakin yanlış məlumat da yarada bilər. Buna görə tələbənin əsas bacarığı süni intellektin yaratdığı nəticəni qiymətləndirməkdir.
“Prompt yazmaq” kifayət deyil- Sİ ilə düşünməyi öyrən.
Sİ savadlılığını yalnız prompt mühəndisliyi ilə məhdudlaşdırmaq səhvdir.
Sİ savadlılığı 5 mərhələdən ibarət olmalıdır: sual → kontekst → Sİ ilə dialoq → yoxlama → insan qərarı. Məsələn, tələbə “bu mövzuda məqalə yaz” deməklə kifayətlənməməli, Sİ-dən əlavə olaraq bunları da soruşmalıdır:
Problemin əsas anlayışları hansılardır?
Hansı fərqli nəzəriyyələr mövcuddur?
Bu arqumentin zəif tərəfləri hansılardır?
Əks arqument nə ola bilər?
Hansı məlumatlar ilkin mənbə ilə yoxlanmalıdır?
Bu nəticələrdən hansı faktdır, hansı isə izahdır?
Beləliklə, Sİ “cavab maşını” deyil, intellektual tərəfdaşdır.
Ən böyük təhlükə “copy– paste” tələbəsi olmaqdır.
Sİ dövründə ən asan şey hazır mətn əldə etməkdir. Tələbə tapşırığı Sİ-yə verir, cavab alır və təqdim edir. Bu, qısamüddətli rahatlıqdır, lakin uzunmüddətli dövrdə intellektual iflasdır. Tələbə belə etdikdə öz idrakını zəiflədir. Əgər insan hər problemin həllini Sİ-yə həvalə edirsə, müəyyən müddətdən sonra özü müstəqil düşünməkdə çətinlik çəkəcək.
Ona görə əvvəl öz fikrini formalaşdır, sonra Sİ ilə müqayisə et. Bu metod tələbənin müstəqil düşünmə qabiliyyətini qoruyur.
I kursda “öyrənməyi öyrənmək” əsas fənn olmalıdır.
Universitet məktəb deyil. Burada müəllim bütün biliyi tələbəyə hazır vermir. Tələbə özü oxumalı, araşdırmalı, sual verməli, mənbə tapmalı, müqayisə etməli, nəticə çıxarmalıdır. Ona görə I kurs tələbəsi öyrənməyi öyrənmək metodologiyasını mənimsəməlidir. Bu səbəbdən hər tələbənin şəxsi rəqəmsal bilik sistemi olmalıdır. Məsələn: məqalələr → qeydlər → anlayışlar → suallar → ideyalar → layihələr → portfolio. Bu sistem zaman keçdikcə tələbənin şəxsi intellektual kapitalına çevrilir.
Kitab oxumaq Sİ dövründə də çox vacibdir.
“Sİ hər şeyi bilir, kitab oxumağa ehtiyac yoxdur” düşüncəsi köklü səhvdir. Əksinə, Sİ dövründə dərin oxu vacibdir. Çünki, Sİ sürətli informasiya verir, insan isə həmin informasiyanın mənasını və kontekstini yaxşı anlamalıdır.
Tələbə I kursdan etibarən ən azı üç növ mənbə ilə işləməyi öyrənməlidir: dərslik → elmi məqalə → ilkin mənbə.
Wikipedia və Sİ cavabı başlanğıc nöqtə ola bilər, lakin bunlar elmi nəticənin son mənbəyi deyil.
Tənqidi düşünmə artıq “əlavə bacarıq” deyil.
Sİ dövrünün ən qiymətli insan bacarıqlarından biri tənqidi düşüncədir.
Tələbə hər informasiya qarşı bu 5 sualı verməlidir:
- Bu iddianın mənbəyi nədir?
- Sübut nədir?
- Alternativ izah varmı?
- Müəllifin marağı və ya qərəzi ola bilərmi?
- Bu nəticəni başqa mənbə təsdiqləyirmi?
Bu suallar Sİ tərəfindən yaradılan mətnlərə işdə xüsusən vacibdir. Gələcəyin savadlı insanı çox informasiya bilən deyil, informasiya ilə manipulyasiya edilməyən, mətnə tənqidi yanaşıb, daha doğru nəticə çıxaran insandır. Bunu tələbəlikdən öyrənmək lazımdır.
Xarici dil (xüsusən ingilis dili) intellektual potensial yaradır.
Azərbaycan tələbəsinin ən böyük problemlərindən biri qlobal elm- informasiya məkanına çıxışın məhdud olmasıdır. I kurs tələbəsi ingilis dilinə yalnız “tədris fənni, imtahan fənni” kimi baxmamalıdır. İngilis dili elmi məqalə + beynəlxalq kurs + Sİ alətləri + qlobal akademik şəbəkə + əmək bazarı deməkdir.
Sİ tərcüməni asanlaşdırır, amma xarici dili bilmək yenə də lazımdır. Çünki dili bilən insan mənbənin mənasını, kontekst və incəlikləri daha yaxşı anlayır.
Universitet illərində şəxsi portfolio yarat.
Diplom gələcəkdə kifayət etməyə bilər. Tələbə I kursdan şəxsi rəqəmsal portfolio yaratmalıdır. Portfolioda layihələr, tədqiqatlar, proqramlaşdırma işləri, məqalələr, təqdimatlar, startap ideyaları, sertifikatlar, könüllü fəaliyyət, Sİ ilə hazırlanmış və insan tərəfindən ciddi işlənmiş layihələr toplanmalıdır. 4 il sonra tələbənin “mən universitet bitirmişəm” deməsi kifayət etməyəcək, məzun artıq “bunlar mənim yaratdıqlarımdır” deməlidir.
Müəllimi məlumat mənbəyi kimi yox, mentor kimi qəbul et.
Sİ dövründə müəllimin rolunun dəyişməsi qaçılmazdır. Müəllim yalnız informasiya ötürən şəxs deyil. O, mentor + tədqiqat rəhbəri + metodoloq + ekspert + intellektual moderator rolunu da daşımalıdır.
Tələbə müəllimdən “imtahanda nə düşəcək?” soruşmamalı, daha ciddi suallar verməlidir. Məsələn: “Bu problemin elmi müzakirəsi necə ola bilər? Bu nəzəriyyənin zəif tərəfi nədir? Mən bunu necə araşdıra bilərəm?
Sİ dövründə akademik dürüstlük vacibdir
Sİ tələbəyə böyük imkanlar verir, amma akademik etikaya yeni tələblər də qoyur.
Tələbə Sİ-dən istifadə etdiyi zaman universitetin qaydalarını bilməli, tələb olunursa Sİ-dən istifadə etdiyini açıqlamalıdır. Sİ-dən istifadə intellektual fırıldaq deyil, amma Sİ-nin yaratdığını öz məhsulun kimi təqdim etmək də düz deyil. Universitetlər bu məsələdə yalnız qadağa siyasəti yox, Sİ- dən etik və məhsuldar istifadə standartları yaratmalıdır.
I kursdan tədqiqatçı olmağa çalış
Azərbaycan universitetlərinin əsas problemlərindən biri tələbənin tədqiqat prosesinə çox gec cəlb olunmasıdır. Halbuki I kurs tələbəsi artıq kiçik tədqiqat layihəsi apara bilər. Məsələn, sual → hipotez → məlumat → analiz → nəticə → təqdimat. Sİ burada məlumatların ilkin emalı, kodlaşdırma, ədəbiyyatın xəritələndirilməsi və statistik analizdə köməkçi ola bilər.
Beləliklə, tələbə “imtahan verən şagird” statusundan tədricən “bilik yaradan gənc tədqiqatçı” statusuna keçir.
I kurs tələbəsi üçün “ Sİ dövrünün 10 qızıl qaydası”
- Sİ-dən qorxma, onu öyrən.
- Sİ-yə kor-koranə inanma, onun cavablarını yoxla.
- Hazır cavab axtarmaqdan əvvəl özün düşün.
- Hər gün dərin oxu üçün vaxt ayır.
- İngilis dilini elmi fəaliyyət səviyyəsinə çatdır.
- Statistik və rəqəmsal savadlılıq qazan.
- I kursdan real layihələr yarat.
- Müəllimlərdən yalnız qiymət yox, mentorluq al.
- Öz rəqəmsal portfolionu formalaşdır.
- Universiteti diplom mənbbəyi kimi deyil, intellektual kapital yaratmaq laboratoriyası kimi qəbul et.
Süni intellekt universiteti məhv etməyəcək.
Sİ köhnə universitet modelini dəyişdirəcək. Eyni zamanda Sİ bütün tələbələri də eyni dərəcədə gücləndirməyəcək. Sİ-dən hazır cavab almaq üçün istifadə edən tələbə ilə Sİ-dən düşünmək, araşdırmaq, yaratmaq və öyrənmək üçün istifadə edən tələbə arasında yaxın gələcəkdə böyük fərq yaranacaq.
I kurs tələbəsi seçim etməlidir
Sİ mənim yerimə düşünəcək, yoxsa mən Sİ-dən istifadə edərək daha yaxşı düşünəcəm?
Düzgün seçim Sİ-dən istifadə edərək düşünməkdir. Çünki, Sİ dövründə ən böyük üstünlük çox məlumat bilmək deyil, düzgün sual vermək, məlumatı tənqidi qiymətləndirmək, yeni bilik yaratmaq və texnologiyanı insan məqsədlərinə tabe etdirmək bacarığıdır. Buna görə XXI əsrin universitetində tələbənin əsas səriştəsi “Sİ ilə işləmək” yox, “Sİ ilə birlikdə düşünmək” olacaq.
Dosent İlham Əhmədov









