Alyansın baş katibi bundan əvvəl Türkiyə lideri ilə telefon danışığı aparıb.
Tribuna.az-ın xəbərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa daxil olması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.
Norveçdə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edən baş katib deyib: “Mən İsveçin ən qısa zamanda alyansa daxil olması ilə bağlı müzakirələri davam etdirmək üçün yaxın vaxtlarda Ankaraya səfər edəcəyəm”.
Onun sözlərinə görə, belə bir səfərin vaxtı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilmişdi.Lakin Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrıca nəzərdən keçirmək istəyirdi. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.









