Bu gün İslamabadda ABŞ və İran arasında danışıqların ilk raundu başlayır. 40 günlük müharibədən sonra hər iki tərəf əli tətikdə olsa da, atəşkəs məsələsində razılaşıblar. Və prosesin nə ilə nəticələnəcəyi hələlik məlum deyil.
ABŞ-ın Pakistana göndərdiyi nümayəndə heyətinin tərkibi tam məlumdur. Lakin analoji şey İran üçün deyilmir. İlk gün parlamentin spikeri Məhəmməd Baqer Qalibafın prosesə rəhbərlik edəcəyi bildirilsə də, SEPAH-a yaxın media bunun təsdiq edilmədiyini açıqlayıb.
Önəmli olan danışıqlarda kimin iştirakı deyil. Əsas məsələ prosesin bundan sonrakı mərhələsidir. Xüsusi ilə İranı gzləyən proseslər daha çox diqqət çəkir.
Son müharibə göstərdi ki, İranın havadan müdafiə, kəşfiyyat, dəniz qoşunları bərbad vəziyyətdədir. Elə buna görə idi ki, müharibənin ilk günlərindən ölkə özünün dini liderini və bir çox yüksək ranqlı məmurlarını itirdi. Hətta ETTELAT və SEPAH-ın Kəşfiyyat Xidmətinin rəisləri belə canlarını aviabombadan qurtara bilmədi. İsrail və ABŞ təyyarələri İran səmasında sərbəst hərəkət imkanı qazandı.
İslamabadda tərəflərin bir sıra məsələlərdə ortaq məxrəcə gələcəyi istisna deyil. Lakin çox şey Tehranın yanaşmasından və gedəcəyi güzəştlərdən asılıdır. Hərçənd Qalibafın nümayəndə heyətinə başçılıq etməsi danışıqların güzəştsiz gedəcəyini deməyə əsas verir. Çünki sözügedən şəxs ABŞ və İsrailə qarşı sərt mövqeyi ilə tanınır. Həmçinin SEPAH-ın himayəsində olan biridir.
Bu sırada İran XİN başçısı Abbas Əraqçının ikinci plana keçməsi də müəyyən detallara ddiqqət etməyin vacib olduğunu deməyə əsas verir. Çünki indiyə qədər bütün danışıqlarda Əraqçı həmişə ön planda olub. Bu dəfə onun ikinci sıraya keçirilməsi İranda rejim daxilində fikir ayrılığı kimi başa düşülə bilər. Nəzərə alaq ki, bu yaxınlarda prezident Məsud Pezeşkianla Xamineyinin əsas adamı olan Hüseyn Taebi arasında ciddi müzakirələrin getdiyi barədə məlumat yayılmışdı.
Bu müharibənin ortaya çıxardığı bir başqa reallıq da var. O da Tehranın əlində yeganı “silah”ın Hörmüz boğazının olması dəqiqləşdi. Yəni, indiyə qədər Yaxın Şərq ölkələrinə, İsrailə və ABŞ gəmilərinə atılan raketlərin təsirləri bir neçə faiz idisə, Hörmüzün bağlı qalması yedə qalan hissəni təşkil edir. Güman ki, danışıqlarda İran Hörmüz kartından daha geniş istifadə edəcək.
Amma bütün bunların fonunda İranın daxilində da ciddi proseslərin qaçılmaz olacağı da müşahidə olunur. Bunun konturları indidən aydın görünməyə başlayıb. Məsələ belədir ki, Qərblə konfrantasiya içində olan İran rejimi müharibədən öncə durumu düzəltmək üçün bəzi addımlar atmışdı. Həmin dönəmdə Pezeşkian kimi, loyal birinin hakimiyyətə gəlməsini təmin etməklə, gərginliyi azalda biləcəyini proqnozlaşdırırdılar. Amma hadisələrin fərqli məcrada davam etməsi, qəfil 12 günlük müharibənin başlaması, ardından daha 40 günlük bir savaşın meydana gəlməsi proqnozları alt-üst etdi.
Ona görə də, Pezeşkianın missiyasının artıq başa çatdığı daha çox diqqəti çəkir. İran prezidentinin rejim mənsubları ilə dirəşməsi, onlarla sərt tonda danışması da məhz bu anlaşmanın pozulmasının göstəricisidir.
Beləliklə, müharibədən sonra İranda növbədənkənar prezidenti seçkilərinin keçirilməsi gündəmə gələcək. Pezeşkianın yenidən seçilmə ehtimalı azdır. Ən azından SEPAH buna imkan verməyəcək.
Onu əvəz edəcək iki fiqur daha qabarıq görünür. Onlardan biri parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, digəri isə Pezeşkianın keçmiş rəqibni Səid Cəlilidir. Təbii ki, İranda sürpriz namizədin olam ehtimalı da var. Lakin bu aşağı hesab edilir.
Cəlili son müharibədə öndə olan fiqur kimi diqqət mərkəzində olmasa da, SEPAH-ın müharibəni idarə etməsində yaxından iştirak etmiş şəxs olaraq qəbul edilir. Onun hətta Laricanini əvəzləyəcək fiqur kimi də təqdim edildiyi uzaq keçmiş deyil.
Qalibaf isə orta xəttin nümayəndəsidir. Bu fonda bir qədər mühafizəkar qanada yaxınlığı ilə də seçilir. Son müharibədə önəmli fiqurlardan biri olaraq üzə çıxmağı bacarıb. Hərçənd keçmişi kifayət qədər qalmaqallarla dolu, bir çox cinayətlərdə hallansa da, dindar kəsim arasında nüfuzu aşağı hesab olunmur.
Bir sözlə, İran müharibədən sonra “yenidənqurma”ya gedəcək. Rejim özünü saxlamaq üçün planlarını, taktikasını, hətta yanaşmasını belə dəyişəcək. Başqa şəkildə, ayaqda qalması sual altına düşə bilər.
Fikrət Fəraməzoğlu,
Jurnalist Araşdırma Mərkəzinin rəhbəri.
Xüsusi olaraq Tribuna.az üçün









