Bu sürətlə dəyişən dünyada 73 yaşlı Məleykə Abbazsadənin başında dayandığı Dövlət İmtahan Mərkəzi Azərbaycanın intellektual potensialının önündə, mənim qənaətimə görə, ən böyük əngəllərdən birincisidir.
Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist Taleh Şahsuvarov Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin “Trend” Agentliyinə və “Baku TV”- yə verdiyi müsahibəyə cavab olaraq bildirib.
T.Şahsuvarov bildirib ki, Məleykə xanımın vəzifə tutan, şagird və tələbələrin biliyini ölçən yox, fəlsəfə oxuyan, kitab yazan, səyahətə çıxan, bir sözlə, təqaüdçü kimi günlərini maksimum mənalı keçirməyə çalışan vaxtıdır:
“Sayğılı Məleykə xanım sual verir:
“On bir il məktəbdə oxuyan bir şagird dərsliklərdən başqa neçə kitab oxuyub? Onun oxuma və oxuyub-anlama sürəti hansı səviyyədədir? Əvvəllər kitab oxumaq bizim üçün həm də bir əyləncə idi, bundan zövq alırdıq. Amma indi əyləncə vasitələri xeyli dəyişib və müxtəlifləşib”.
Məleykə Abbaszadə mənim atamdan 2 yaş cavan, anamdan 5 yaş böyükdür.
73 yaşı, güman edirəm, bağı-bağatı da var.
Bu yaşda insan gərəkdir ki, DİM sədri vəzifəsində müsahibə verməyə, həyətində gül-çiçək əkə, toyuqdan-ördəkdən saxlaya, səhər günəşin doğmasından, axşam ayın bərq vurmasından həzz ala…
Məleykə xanımın vəzifə tutan, şagird və tələbələrin biliyini ölçən yox, fəlsəfə oxuyan, kitab yazan, səyahətə çıxan, bir sözlə, təqaüdçü kimi günlərini maksimum mənalı keçirməyə çalışan vaxtıdır.
Onun bir ictimai təşkilat yaratması, təhsil sistemi ilə bağlı faydalı layihələr keçirməsi də pis olmaz.
Zaman sürətlə keçir, həyat sürətlə dəyişir.
Bu sürətlə dəyişən dünyada 73 yaşlı Məleykə Abbazsadənin başında dayandığı Dövlət İmtahan Mərkəzi Azərbaycanın intellektual potensialının önündə, mənim qənaətimə görə, ən böyük əngəllərdən birincisidir.
Səbəbini də DİM sədri – mənim illərdir dediklərimi təkrar edərək- özü etiraf edir”.
T.Şahsuvarov bildirib ki, Azərbaycan gəncliyi kitab oxumur, çünki M.Abbaszadənin tətbiq etdiyi imtahanlardan kitab oxumağa nə həvəs qalıb, nə də vaxt:
“Mənim şagird olduğum illərdə “Dünya uşaq ədəbiyyatı” seriyasından kitablar nəşr olunardı. Böyük həvəslə oxuyardıq. Hazırda şəxsi kitabxanamda əksər nüsxəsi var. Amma mənim oxuduğum bu seriyadan kitabların yarısını 3 övladım birlikdə mütaliə etməyib.
Səbəbini deyim, amma inciməyin, Məleykə xanım.
Siz imkan verməmisiniz. Bəli, məhz siz!
Çünki mənim övladlarım da daxil olmaqla bu ölkənin elmə, təhsilə həvəsli bütün şagirdləri testə hazırlaşmaqla məşğuldurlar. Elə bir sistem qurmusunuz ki, uşaqların gününü məktəb və repetitor kurslarının arasında qara edib. Enerjisi test tapmacaları ilə tükənən, stress altında əzilən uşaqlar, yeniyetmələr, gənclər məhz Sizin qurduğunuz və fərdləri “imtahan verən varlığa” çevirən sistemin qurbanıdırlar.
Bəli, problem şagirdlərdə və tələbələrdə deyil, onların vaxtını və prioritetlərini istismar edən Dövlət İmtahan Mərkəzinin yaratdığı sistemdədir.
Dəfələrlə yazmışam, yenə təkrar edirəm, keçid balı 600-ü aşan bütün ixtisaslar bu ölkənin intellektual gələcəyinə qarşı düzülən minalardır.
Kitab oxumamağın hansı fəsadlara səbəb olacağını isə uzun-uzadı izah etməyə gərək yoxdur.
Bir cəmiyyətdə intellektual səviyyənin kəskin şəkildə aşağı düşməsi yanlış həyat oriyentasiyalarının sürətlə genişlənməsinə səbəb olur, gəncləri dini radikalizmə, kriminal aləmə sürükləyir. Az-çox intellekt sahibi olanlar isə DİM-in sosial liftini iflic etdiyi, karyera davamlılığı vəd etməyən ölkədən baş alıb getməyə üstünlük verir.
Odur ki, bir sual da mən verirəm DİM sədrinə: Şagirdlərə, tələbələrə, məzunlara kitab oxumaq üçün hansı imkan vermisiniz?
Şagird repetitor yanına gedir ki, ali məktəbə qəbul olunsun.
Bakalavr repetitor yanına gedir ki, tədris proqramında olmayan fənnləri öyrənsin, magistraturaya qəbul olunsun.
Magistr repetitor yanına gedir ki, 17 il ərzində Azərbaycan təhsil sisteminin öyrədə bilmədiyi ingilis dilini inkişaf etdirsin, doktoranturaya qəbul olunsun.
Bütün məzunlar repetitor yanına gedir ki, iş tapa bilmək üçün DİM-in müxtəlif sınaqlarından keçsin.
Bu böyüklükdə imtahan maniyasının qarşısında yeni nəslin kitab oxumağa həvəsi də yoxdur, vaxtı da yoxdur, enerjisi də yoxdur.
Budur məsələ!”.
Gülşən Rəsul









