Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbul elan edir.
Bu barədə Tribuna.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, sənəd qəbulu 15 may tarixinədək (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcəkdir (şənbə, bazar və bayram günləri istisna olmaqla). Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.









