Səhvən başqa bir bank kartına pul köçürülməsi ilə bağlı xoşagəlməz hadisə baş verib. Məlumata görə, vətəndaş tərəfindən həyata keçirilən köçürmə zamanı vəsait yanlışlıqla başqa şəxsə məxsus karta yönləndirilib. Hadisədən dərhal sonra banka müraciət olunub və vəziyyət araşdırılmağa başlanılıb. Bank nümayəndələri qarşı tərəflə əlaqə saxlayaraq vəsaitin səhvən köçürüldüyünü bildiriblər və pulun geri qaytarılmasını xahiş ediblər. Lakin kart sahibi bu müraciətə mənfi cavab verərək, vəsaiti qaytarmaqdan imtina edib.
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, karta səhvən köçürülmüş vəsaitin geri qaytarılması əsasən həmin vəsaiti alan şəxsdən və onun şəxsi keyfiyyətlərindən asılıdır:
“Əksər hallarda vəsait geri qaytarılır, lakin bəzi hallarda bu mümkün olmur. Məsələn, vəsaiti alan şəxsin məlumatı olmaya bilər, ölkə xaricində ola bilər və ya ümumiyyətlə həmin şəxsi tapmaq çətinləşə bilər. Belə vəziyyətlərdə pulun geri qaytarılması prosesi həyata keçirilmir. Ancaq əgər şəxs müəyyən edilib və vəsaiti qaytarmaqdan imtina edirsə, bu zaman məsələ hüquqi müstəvidə həll oluna bilər. Yəni zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər. Bu vəziyyətdə yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Doğrudur, məhkəmə də müəyyən hallarda göndərən şəxsə irad bildirə bilər ki, köçürmə zamanı məlumatlar daha diqqətlə yoxlanmalı idi. Yəni vəsaitin geri alınması üçün birbaşa təsir mexanizmi mövcud deyil və məsələ yalnız hüquqi müstəvidə həll edilə bilər. Bankın və ya vəsaiti səhvən köçürmüş şəxsin qarşı tərəfə təsir etmək, yaxud bankın həmin vəsaiti icazəsiz geri qaytarmaq hüququ yoxdur. Çünki belə bir halda kart sahibi bankdan şikayət edə bilər ki, onun şəxsi vəsaiti icazəsiz çıxarılıb”.
O qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar köçürmə edərkən kartın üzərindəki 16 rəqəmli PAN kodunu diqqətlə yoxlasınlar:
“Bundan əlavə, köçürmə zamanı əksər hallarda kart sahibinin ad və soyadı da göstərilir ki, buna xüsusi diqqət yetirmək lazımdır. Köçürmədən sonra isə qarşı tərəflə əlaqə saxlayaraq vəsaitin düzgün ünvana çatdığını dəqiqləşdirmək faydalıdır. Ümumilikdə, diqqətli olmaqla bu cür xoşagəlməz halların qarşısını almaq mümkündür. Lakin vəsait artıq səhv köçürülübsə və qarşı tərəf onu xərclədiyini və ya başqa səbəblərlə qaytarmaqdan imtina edirsə, bu zaman real təsir rıçaqları mövcud olmur və məsələ əsasən həmin şəxsin vicdanına qalır”.









