Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, dünya üzrə getdikcə geniş yayılan “Ölüm kafesi” görüşləri insanların ölüm haqqında açıq və dürüst söhbətlər aparmasına imkan yaradır və bu mövzu ətrafındakı tabuları aradan qaldırmağı hədəfləyir.
Dünyanın müxtəlif bölgələrində insanlar çay və şirniyyat süfrəsi ətrafında bir araya gələrək ölüm haqqında danışırlar. “Ölüm kafesi” adlandırılan bu görüşlərin məqsədi ölüm mövzusunun daha az tabu halına gəlməsidir.
2011-Cİ İLDƏ LONDONDA BAŞLAYIB
Məlumata görə, “Ölüm kafesi” konsepti 2011-ci ildə Londonda ortaya çıxıb. Həmin vaxtdan etibarən sürətlə yayılan bu görüşlər bu gün dünyanın bir çox ölkəsində təşkil olunur. Təkcə ABŞ-da 11 mindən çox belə qrupun qeydiyyatda olduğu bildirilir.
NECƏ KEÇİR?
İştirakçılar əvvəlcə özlərini təqdim edir və bu görüşə qatılma səbəblərini bölüşürlər. Daha sonra söhbətlər ölüm, həyatın faniliyi və dəfn seçimləri kimi mövzular ətrafında davam edir.
İştirakçılardan Aly Leyha bildirir ki, bu görüşlər “ölüm haqqında konkret, real və səmimi danışıq mühiti” yaradır.
TERAPİYA DEYİL, PAYLAŞIM MÜHİTİ
Xüsusilə vurğulanır ki, “Ölüm kafesi” nə yas qrupu, nə də terapiya seansı deyil. Eyni zamanda bu görüşlərin dini və ya spirituallıq məqsədi daşımadığı qeyd olunur.
“Ölüm məsləhətçisi” olan Aly Leyha deyir ki, ölüm haqqında danışmaq insanlara həyatın dəyərini daha yaxşı anlamağa kömək edir.
Onun sözlərinə görə:
“İnsanlar ‘yalnız bir dəfə yaşayırsan’ deyir, amma mən ‘yalnız bir dəfə ölürsən, hər gün yaşayırsan’ deməyi üstün tuturam.”
İmran Kərimli









