İlham Əhmədov: Azərbaycan təhsilində resurs–keyfiyyət paradoksu

İlham Əhmədov Azərbaycan təhsilində resurs–keyfiyyət paradoksu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə 5 milyardlıq büdcə ilə 40 faizlik nəticə, 150 ballıq tələbə
Təhsil hər bir ölkənin sosial siyasəti olmaqla yanaşı, onun uzunmüddətli iqtisadi, elmi, texnoloji və geosiyasi rəqabət qabiliyyətini müəyyən edən strateji sahəsidir. Bu səbəbdən təhsil büdcəsi ilbəil artırılır. Dövlət ETN-nin qarşısında mühüm vəzifə qoymuşdur: neft kapitalını insan kapitalına çevirmək. Təəssüf ki, son 23 ildə TN və ETN bu sahəyə ayrılan iri vəsaitlərə baxmayaraq, bu vəsaiti insan kapitalına çevirə bilmədi.
Azərbaycan təhsil sistemində son illərdə dövlət xərclərinin 5 milyard manatdan yuxarı səviyyəyə yüksəlməsi fonunda təhsil nəticələrinin cəmiyyətin gözləntilərinə adekvat olmaması ciddi narahatlıq doğurur.

Əgər böyük maliyyə resursları ayrıldığı halda məktəb proqramlarının mənimsənilməsi aşağı səviyyədə (DİM 2026 Hesabatına görə 40 % mənimsəmə) qalır, ali məktəbə qəbulda yüksək nəticə göstərənlərin payı məhdudlaşır və məzunların əmək bazarına hazırlığı ilə bağlı problemlər davam edirsə, onda problem ayrı-ayrı məktəblərin, universitetlərin və ya müəllimlərin fəaliyyətində deyil. Problem təhsil siyasətində və onun idarəetmə modelindədir.

Təhsil büdcəsi ilə təhsil nəticəsi arasında niyə belə böyük məsafə yaranır?

Təhsil iqtisadiyyatında belə bir prinsip var: resurs nəticə yaratmırsa, onun həcminin artırılması avtomatik olaraq nəticə, keyfiyyət artımı yarada bilməz. Təhsilə ayrılan vəsaitin artması üç müxtəlif nəticə verə bilər:

1. Əlavə maliyyə müəllim kapitalının, tədris metodlarının, elmi-metodik təminatın, rəqəmsal infrastrukturun və idarəetmənin keyfiyyətinin yüksəlməsinə çevrilir.

2. Vəsait əsasən mövcud sistemin saxlanmasına sərf olunur.

3. Böyük investisiyalar ölçülə bilən pedaqoji nəticə yaratmadan infrastruktur və avadanlıq alışlarına yönəlir.

Azərbaycan təhsilində uzun illərdir məhz ən səmərəsiz olan üçüncü model tətbiq edilir. Məsələn, məktəb proqramlarının mənimsənilməsi 40 faizdirsə, bu, sadəcə şagirdlərin zəif oxuması problemi deyil. Bu təhsil sistemində “tədris etdim” modeli ilə “öyrənmə baş verdi” modeli arasındakı ciddi fərqi ortaya qoyur.

Təhsilin real nəticəsi dərsin keçirilməsi, dərsliyin mövcudluğu və ya müəllimin işə gəlməsi ilə ölçülməməlidir. Əsas göstərici şagirdin nəyi, hansı səviyyədə və hansı səriştələri mənimsəməsidir. Bu səbəbdən “təhsil verdik” anlayışı ilə “şagird öyrəndi” anlayışlarını eyniləşdirmək metodoloji səhvdir.

150 balla universitetə qəbul sistemi nəyi göstərir?

Ali məktəbə qəbul nəticələri ayrıca təhlil tələb edir. 150 bal kimi nəticələr yalnız fərdin akademik potensialı haqqında deyil, həm də orta təhsilin məzuna verdiyi bilik və kompetensiyalar haqqında müəyyən siqnal yaradır. Əgər geniş miqyasda şagirdlərin məktəb proqramını mənimsəmə səviyyəsi aşağıdırsa və məzunların əhəmiyyətli hissəsi ali təhsil üçün tələb olunan akademik hazırlıq səviyyəsinə çata bilmirsə, bu, sistemli problemin ciddi indikatoru və insan kapitalı keyfiyyətinin indikatorudur. Deməli, müzakirənin mərkəzində “şagird niyə zəifdir?” sualı deyil, “sistem niyə normal öyrənmə nəticəsi yarada bilmir?” sualı olmalıdır. Birinci yanaşma məsuliyyəti şagirdə, valideynə və müəllimə ötürür; ikinci yanaşma isə təhsil siyasətinin layihələnməsini, idarəetməni, kurikulumu, qiymətləndirməni və resurs bölgüsünü araşdırır.

Rəqəmsallaşma texnologiya almaq deyil, təhsili transformasiya etməkdir
Son illərdə kompüterlərə, STEAM avadanlıqlarına və digər texnoloji avadanlıqlara 300 milyon manata yaxın vəsait yönəldilib. Bu təhsilin rəqəmsal transformasiyası baxımından müsbət addım hesab edilə bilərdi, əgər bunun səmərəsi olsaydı.

Avadanlıq alındıqdan sonra təhsilin hansı problemi həll edildi? Rəqəmsal transformasiya kompüterlərin sayının artırılması deyil. STEAM laboratoriyasının yaradılması da avtomatik olaraq innovativ təhsil yaratmır. Əsl rəqəmsal transformasiya ən azı bu 5 komponentin inteqrasiyasını tələb edir:

1. milli rəqəmsal təhsil strategiyası;
2. rəqəmsal kurikulum və elektron tədris resursları;
3. müəllimlərin rəqəmsal və pedaqoji kompetensiyaları;
4. öyrənmə analitikası və nəticələrin real vaxtda ölçülməsi;
5. distant, hibrid və fərdiləşdirilmiş təhsil imkanları.

Bunlar olmadan kompüter və avadanlıq almaq rəqəmsallaşmanın deyil, onun fiziki infrastrukturudur. Pis olan budur ki, texnologiyanın alınması ilə onun pedaqoji istifadəsi arasında boşluq yaranır. Məktəbdə yüzlərlə kompüter ola bilər (150 min komputer alınıb, burda keyfiyyət-qiymət nisbəti ayrıca tədqiq edilə bilər), amma müəllim bu texnologiyanı yalnız elektron təqdimat göstərmək üçün istifadə edirsə, burada rəqəmsal transformasiyadan danışmaq mümkün deyil.

Eyni problem STEAM üçün də keçərlidir. Bahalı laboratoriya avadanlığı şagirdin problem həll etmə, tədqiqat, dizayn, mühəndislik və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmirsə, deməli təhsil nəticəsi vermir.

Əsas məsələ satınalma deyil, investisiyanın gəlirliliyidir
Dövlət təhsil xərclərində yeni yanaşmaya ehtiyac var: “nə qədər pul xərcləndi?” sualından “xərclənən hər manat hansı öyrənmə nəticəsi yaratdı?” sualına keçid olmalıdır. Məsələn, 300 milyon manatlıq texnoloji investisiya haqqında yalnız satın alınan kompüterlərin, laboratoriyaların və digər avadanlıqların sayını hesabatlaşdırmaq kifayət deyil. Dövlət və cəmiyyət bilməlidir ki:

• neçə şagirdin real öyrənmə nəticəsi yüksəldi?
• hansı fənlərdə nəticə yaxşılaşdı?
• müəllimlərin dərs metodikası necə dəyişdi?
• rəqəmsal resurslardan istifadə səviyyəsi nə qədər artdı?
• şagirdlərin kritik və yaradıcı düşünmə bacarıqları necə inkişaf etdi?
• regionlar və sosial qruplar arasında təhsil bərabərliyi yaxşılaşdımı?
• avadanlıqların istifadə əmsalı nə qədərdir?
• həmin investisiyanın bir şagirdə düşən real pedaqoji nəticəsi nədir?
Bu suallar cavabsız qalırsa, maliyyə hesabatı olsa belə, təhsil investisiyasının ictimai səmərəliliyi haqqında aydın təsəvvür yaranmır.

İnsan kapitalı statistik hesabat deyil
Azərbaycanın gələcək inkişaf modeli təbii resurslardan insan kapitalına keçidi tələb edir. Süni intellekt, biotexnologiya, robototexnika, yaşıl enerji və rəqəmsal iqtisadiyyat şəraitində ölkənin əsas strateji sərvəti neft və qazdan daha çox yüksək səriştəli insan olacaq. Bu baxımdan təhsil siyasətinin əsas nəticəsi məktəb binalarının, kompüterlərin və laboratoriyaların sayı ola bilməz. Əsas nəticə nə qədər düşünən, araşdıran, yaradan, innovasiya edən və yeni texnologiyalardan səmərəli istifadə edə bilən insan yetişməsidir.

Süni intellekt dövründə bu məsələ daha da kəskinləşir. Çünki süni intellekt sadə informasiya və reproduktiv biliklərin iqtisadi dəyərini azaldır. Əvəzində analitik düşüncə, problem həlli, yaradıcılıq, kommunikasiya, tədqiqat və etik qərarvermə kimi kompetensiyaların əhəmiyyətini artırır. Deməli, Azərbaycan təhsil sistemi “daha çox kompüter” mərhələsindən “daha yüksək intellektual kapital” mərhələsinə keçməlidir.
İdarəetmə fəlsəfəsi dəyişməlidir.

Problemin kökündə yalnız maliyyə çatışmazlığı dayanmır. Əksinə, son illərdə maliyyə resurslarının artır. Əsas problem nəticəyə əsaslanan təhsil idarəetməsinin yoxluğudur. ETN-nin fəaliyyətin qiymətləndirilməsi yalnız görülən işlərin sayı ilə deyil, nəticələrin dinamikası ilə aparılmalıdır. Yeni məktəb, yeni layihə, yeni platforma, yeni avadanlıq və yeni proqram özü-özlüyündə hələ uğur göstəricisi deyil. Uğur yalnız o zaman yaranır ki, bunlar resurs → proses → öyrənmə → kompetensiya → insan kapitalı → innovasiya → iqtisadi dəyər zəncirinə çevrilə bilsin. Əgər zəncirin “öyrənmə” mərhələsində problem yaranırsa, əvvəlki mərhələlərə daha çox pul tökmək sistemin səmərəliliyini avtomatik artırmır.

Bəs 5 milyardlıq təhsil sisteminin əsas hesabatı nə olmalıdır?

Azərbaycan təhsil siyasətində yeni bir ictimai müqaviləyə ehtiyac var. ETN dövlətin təhsilə nə qədər pul ayırdığını deyil, həmin pulun neçə milyon uşağın və gəncin həyatında hansı ölçülə bilən dəyişiklik yaratdığını göstərməlidir. Bunun üçün təhsil büdcəsinin hər bir istiqaməti üzrə nəticə əsaslı KPI sistemi qurulmalıdır. Rəqəmsallaşmaya ayrılan vəsait yalnız satınalma ilə deyil, öyrənmə nəticələri ilə; müəllim hazırlığı yalnız keçirilən kursların sayı ilə deyil, müəllimin dərs keyfiyyətindəki dəyişikliklə; məktəb investisiyaları isə yalnız tikilən və təmir olunan binalarla deyil, şagird kompetensiyalarının artımı ilə qiymətləndirilməlidir. Əks halda böyük büdcə kiçik nəticənin üzərini örtən statistikaya çevrilə bilər.

Azərbaycanın qarşısında duran əsas məsələ “təhsilə daha çox pul ayıraq, ya yox?” yox, 5 milyard manatlıq təhsil büdcəsi neçə milyard manatlıq insan kapitalı yaradır? kimi olmalıdır. Əgər bu suala elmi əsaslandırılmış, beynəlxalq müqayisəli və ölçülə bilən cavab verə bilmiriksə, deməli, problem təhsilin maliyyələşdirilməsində deyil — təhsil siyasətinin özünün nəticə modelindədir. Süni intellekt əsrində isə belə bir idarəetmə boşluğu ölkəyə yalnız təhsil itkisi deyil, innovasiya və milli rəqabət qabiliyyəti itkisi bahasına başa gələ bilər.

Bu problemlərin həlli isə təhsil menecerlərin peşəkarlığından və dürüstlüyündən asılıdr. Niyə dürüstlüyündən asılıdır? Çünki, hüsablama palatasının son illər təhsil sistemində apardığı yoxlamalar, 100 milyonlrla mənimsəmə faktlarını ortaya qoyub. Biz büdcənin hər manatının qədrini bilməliyik, onu israf etməməliyik. Biz 5 milyardlıq təhsil büdcəsini hər il belə səmərəsiz israf etdiyimiz halda, qonşu dövlət bu büdcə ilə 1 ildə regionun güclü süni intellekt mərkəzi qurur.