Dünyanın “qan damarı” olaraq qəbul edilən Hörmüz boğazı ətrafında ciddi proseslər start götürüb.
Tribuna.az xəbər verir ki, İran boğazı bağlamaq üçün nəinki addım atıb, həm də onu minalamaq prosesinə start verib.
Rəsmi Tehran bəyan edib ki, ABŞ və İsrailin hücumları dayanmayana qədər bir litr nefti belə boğazdan keçməyə imzan verməyəcəklər. Ardından isə Hörmüzü minalamaq üçün ilk addımlar atıblar.
ABŞ tərəfinin məlumatında isə bildirilir ki, dünən İran tərəfindən mina daşıyan 16 kateri vuraraq, sıradan çıxarıblar. Bundan başqa, Hörmüzü bağlayacaqları təqdirdə, İrana daha şiddətli hücumlar edəcəklər.
Qeyd edək ki, Hörmüz boğazı Yaxın Şərqin neft və qazını daşıyan əsas marşrutdur. Dünyanın 25 faiz neft və qaza olan təlabatını qarşılayan bu strateji nöqtənin qismən bağlanması artıq birjalarda təlatümə səbəb olub. Belə ki, son iki gündə neftin qiyməti 65 dollardan 120 dollara qədər bahalaşmışdı. Dünən Trampın açıqlamasından sonra bazar sabitləşib və qiymət 88 dollara qədər enib.
Ekspertlər bildirirlər ki, əgər Hörmüz boğazı bağlanarsa, dünya neft bazarında qiymətlərin astronomik həddə çatacağı qaçılmaz olacaq. Hətta bəziləri qiymətin 200 dollara qədər yüksələcəyini proqnozlaşdırır.
Analoji hal təbii qaz üçün də keçərlidir. Hazırda 665 dollara satılan “mavi yanacaq” boğaz bağlanacağı təqdirdə, 2000-2500 dollara qədər bahalaşa bilər.
Fərda Uğur









