Münaqişəli və ya həddindən artıq bezdirici insanlarla müntəzəm ünsiyyət bioloji qocalmanı sürətləndirə bilər.
Tribuna.az xəbər verir ki, bu barədə Nyu-York Universitetinin sosiologiya üzrə dosenti Benkyu Li və sosiologiya professoru Brea Perri The Washington Post qəzetinə açıqlamalarında bildiriblər.
Alimlər iki mindən çox böyüklərin iştirakı ilə araşdırma aparıblar. Nəticələr göstərib ki, insanın ətrafında hətta cəmi bir “çətin insan”ın olması belə qocalma tempini təxminən 1,5 faiz artırır.
Bu o deməkdir ki, normalda insan bir təqvim ili ərzində bir bioloji il qocalmalı olduğu halda, belə hallarda həmin müddətdə təxminən 1,015 bioloji il qocalır.
“Bioloji qocalmanın belə kiçik təsirləri zamanla toplanır və daha böyük nəticələrə gətirib çıxara bilər”, – deyə Li xəbərdarlıq edib.
“Çətin insanlar” kimlərdir?
Perrinin sözlərinə görə, “çətin insanlar” dedikdə başqalarına daim problem yaradan, gərginlik yaradan və həyatını çətinləşdirən şəxslər nəzərdə tutulur.
Araşdırmaya görə, belə insanlar çox vaxt:
yaxın qohumlar
ailə üzvləri
iş yoldaşları
qonşular
olur. İnsanlar onlarla daim ünsiyyətdə olduqları üçün bu münasibətlər emosional cəhətdən daha güclü təsir göstərir.
Sosioloq əlavə edib ki, belə münasibətlər qadınlara və sağlamlığı daha zəif olan insanlara daha çox təsir edir.
Stressli münasibətlərdən necə qorunmaq olar?
Li və Perri bildiriblər ki, bu tədqiqat çətin münasibətlərlə qocalma arasında birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir, lakin nəticələr yenə də əhəmiyyətlidir.
Mənfi təsirləri azaltmaq üçün alimlər:
davamlı stress yaradan insanlarla ünsiyyəti mümkün qədər məhdudlaşdırmağı
müsbət sosial əlaqələri gücləndirməyi
tövsiyə edirlər. Çünki pozitiv münasibətlər sağlamlığa və ömür uzunluğuna müsbət təsir göstərə bilər.
Daha əvvəl mütəxəssislər yaşlı insanlara emosional və fiziki sağlamlıqlarını qorumaq üçün nəvələri ilə daha çox ünsiyyət qurmağı da tövsiyə etmişdilər.
Piroqov Universitetinin Klinik Psixologiya və Sosial İş İnstitutunun direktoru Vera Nikişina qeyd edib ki, belə ünsiyyət həm neyrokimyəvi proseslərə, həm də psixi aktivliyə müsbət təsir göstərir.
İmran Kərimli









