Vətəndaş “Feniksal Group” MMC-dən şikayətçidir.
Tribuna.az xəbər verir ki, Oxu.Az-a müraciət edən Səbinə Mətləb qızı Cəlalova iddia edib ki, Yasamal rayonu, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binadan mənzil alıb, üç ildir bina təhvil verilmədiyi üçün mənzilində təmir işlərinə başlaya bilmir.
O bildirib ki, sözügedən mənzil üçün hazırda 134 min 500 manat ödəniş edib:
“Mən mənzili alanda bir kvadratmetri 1 200 manata satılırdı. Mənzili aldığım şirkət – “Feniksal Group” MMC ilə müqavilə imzalamışıq. Mənzilimin dəyəri 150 min manatdır. Biz evi 2023-cü ildə almışıq. Alan vaxt bizə deyildi ki, binada 2-3 aylıq iş qalıb. Ən geci ilin sonuna qədər hazır olub təhvil veriləcək. Lakin üç ildir ki, bina istismara yararlı hala salınmayıb. Mən qalıq 15 500 manat ödənişdən imtina etməmişəm. Şirkət özü bildirmişdi ki, bina istismara hazır olmadığından ödənişi işlər yekunlaşdıqdan sonra edərsiniz. Lakin bina üç ildir təhvil verilmədiyi halda, indi məndən qalıq məbləği deyil, birbaşa mənzilin boşaldılmasını tələb edirlər.
Açıq mənbələrdə yayılan məlumatlara görə, bina sahibi Emin Namazovun atasının məhkəmə hökmü olub. Onun 2025-ci ilin oktyabrında azadlığa buraxıldığı bildirilir. Emin Namazov məndən iki ay vaxt istəmişdi ki, ödənişi geri qaytaracaq, lakin o, iki ay müddətində məhkəməyə müraciət edib. Bununla bağlı sübutlarım da var.
Məni məhkəməyə verəndə qalıq borcu tələb etməlidilər, lakin onlar məndən evi tələb edirlər. Belə çıxır ki, mən etdiyim 90 faiz ödəniş batmalıdır, 10 faiz ödəmədiyim məbləğə görə evim əlimdən çıxmalıdır.
Mən tanışlardan öyrənmişəm ki, sən demə, bu bina 13 ildir ki, istismara yararsız haldadır.
Binada görüləcək işləri üç ildir yubatdıqları üçün tələb etdim ki, artıq işlər yekunlaşsın. Mənzilimdə işə başlamaq istəyirdim. Mən mənzildə işə başlamaq üçün öz ustalarımla ora getdim. Müqaviləyə görə qapını onlar verməli idilər. Biz tələb etdikdən sonra köhnə bir qapı gətirib verdilər. Orada bir usta yox idi ki, qapını vursun. Məcbur qalıb öz ustalarımı gətirdim. Mənzildə təmir işlərini görməyə başlayanda, MMC-nin Eldar adlı rəhbəri gəlib dedi ki, istismara yararsız binadır, siz burada iş görə bilməzsiniz. Bundan sonra biz işləri dayandırdıq.
Nə binanı təhvil vermirlər, nə də ki, ödənişim geri qaytarılmır.
Aidiyyəti qurumların məsələni araşdırmasını və hüquqlarımızın qorunmasını xahiş edirəm”.
Sənan Məmmədli









