Ermənistan Türkiyə sərhədinə yaxın ərazidə dünyanın ən böyük İsa heykəlini tikir
Ermənistanda Türkiyə sərhədinə yaxın ərazidə dünyanın ən hündür İsa Məsih heykəlinin tikintisi davam edir.
Tribuna.az xəbər verir ki, İrəvan yaxınlığındakı Hatis dağının zirvəsində ucaldılan abidənin hündürlüyü 101 metr olacaq. Layihə başa çatdıqdan sonra Rio-de-Janeyrodakı məşhur “Xilaskar İsa” heykəlini və Nyu-Yorkdakı Azadlıq heykəlini hündürlüyünə görə geridə qoyacaq.
Layihə erməni iş adamı Gagik Tsarukyan tərəfindən maliyyələşdirilir.
Tikintisinə 2022-ci ildə başlanılsa da, işlər fasilələrlə davam edib və hələlik açılış tarixi açıqlanmayıb.
İlkin plana əsasən, heykəlin hissələri dağın zirvəsinə helikopterlə daşınmalı idi. Lakin çəkisinin böyük olması və logistika çətinlikləri səbəbindən bu plandan imtina edilib.
Hazırda hissələrin xüsusi yük maşınları ilə zirvəyə çatdırılması və montajın yerində aparılması nəzərdə tutulur.
Layihə ölkə daxilində birmənalı qarşılanmayıb. Erməni Apostol Kilsəsi bu cür nəhəng heykəllərin ölkənin dini ənənələrinə uyğun olmadığını bildirir. Kilsə nümayəndələrinin fikrincə, Ermənistanın xristian irsi iri insan fiqurları ilə deyil, qədim monastırlar, kilsələr və xaçkarlarla təmsil olunur.
Ekoloqlar isə tikintinin Hatis dağının təbii və tarixi irsinə zərər vura biləcəyini bildirirlər.
Gülşən Rəsul









