Ekspertdən ETN ilə bağlı SƏRT sözlər: “İnhisarçılıq təhsili iflic edir”

Ekspertdən ETN ilə bağlı SƏRT sözlər: “İnhisarçılıq təhsili iflic edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

​Ölkənin gələcəyini şərtləndirən ən mühüm və strateji sahə olan təhsil sistemi bu gün dərin idarəetmə böhranının məngənəsindədir. Elm və Təhsil Nazirliyinin (ETN) fəaliyyətini diqqətlə təhlil etdikdə, tribunalardan elan olunan “modernləşmə” şüarları ilə acı reallıq arasındakı kəskin uçurum açıq şəkildə görünür. Təəssüf ki, ən mühüm qərarverici mexanizmlər və geniş dövlət resursları cəmiyyətin deyil, məhdud bir çevrənin inhisarına keçib. Nəticədə, bütün millətin taleyinə birbaşa təsir edən bu həssas sahə keyfiyyətli intellektual baza formalaşdırmaqdan çox, kiçik bir qrupun korporativ maraqlarına xidmət edən qapalı şəbəkəyə çevrilib.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Vüqar Məmmədov bildirib. O qeyd edib ki, idarəetmədə peşəkarlıq və ləyaqət (meritokratiya) prinsiplərinin kobudcasına tapdalanması özünü ən çox kadr siyasətində büruzə verir:

“Rəhbər vəzifələrə təyinatlar, Müəllimlərin və Direktorların İşə Qəbulu (MİQ və DİQ) prosesləri, habelə yerdəyişmələr zamanı ikili standartların tətbiqi sistemi içəridən çürüdür. Çoxillik təcrübəsi və yüksək potensialı olan pedaqoqların süni baryerlərlə kənarda saxlanılması, onların yerinə isə qohumluq, dostluq və şəxsi tanışlıq telləri ilə bağlı şəxslərin gətirilməsi təhsilə olan ictimai etimadı kökündən sarsıdır. Mexanizmlər zahirən nə qədər “şəffaf” qablaşdırılsa da, həlledici qərarların eyni mərkəzdən və eyni motivlərlə verilməsi rəhbərlikdə kadr xaosunu qaçılmaz edir”.

Ekspert bildirib ki, bu inhisarçılıq təkcə kadr siyasəti ilə kifayətlənmir, eyni zamanda böyük maliyyə dövriyyəsi olan sahələri də tam cənginə alıb:

“Məktəblərin əsaslı tikintisi və təmiri, infrastrukturun yenidən qurulması, dərsliklərin təminatı və müəllimlər üçün ayrılan çoxmilyonluq təlim layihələri bu dar çevrənin inhisarındadır.

Rəqabət mühitinin bilərəkdən yox edilməsi resursların səmərəsiz xərclənməsinə, keyfiyyətin isə kağız üzərindəki şişirdilmiş, reallıqdan uzaq hesabatlarla əvəzlənməsinə gətirib çıxarır. Maliyyə axınlarının və iri layihələrin sadəcə bir neçə əldə cəmləşməsi təhsilin maddi-texniki bazasının tərəqqisini iflic edir, ayrılan vəsaitlərin məqsədyönlü şəkildə real ehtiyaclara xərclənməsinin qarşısını alır.

​Belə bir boğucu və subyektiv idarəetmə mühitində hansısa tərəqqidən, beynəlxalq standartlara uyğun inkişafdan danışmaq sadəcə ictimaiyyəti aldatmaqdır.

Yuxarı mərtəbələrdə kök salmış qohumbazlıq və inhisarçılıq, fədakarcasına çalışan sıravi müəllimlərin əməyini qiymətdən salır, onların peşəkar təkamül motivasiyasını məhv edir.

​Mövcud idarəetmə fəlsəfəsi ölkə təhsilini intibaha deyil, dərin bir tənəzzülə və durğunluğa doğru sürükləməkdədir”.

Nigar İxtiyarqızı