“Pullu”ya qəbul olan bu şəxslər təhsil haqqı ödəməyəcəklər

“Pullu”ya qəbul olan bu şəxslər təhsil haqqı ödəməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Tribuna.az xəbər verir ki, qəbul imtahanlarının nəticələrinə əsasən 58 947 abituriyent ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. Onların bir hissəsi dövlət sifarişi əsasında, bir hissəsi isə ödənişli əsaslarla təhsil alacaq.
Lakin ödənişli əsaslarla qəbul olunan tələbələrin müəyyən kateqoriyaları təhsil haqqından azad edilirlər. Bu şəxslərin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır.
Belə ki, məcburi köçkün statusu olan Azərbaycan vətəndaşları dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda bu güzəştdən yararlana bilərlər.
Valideyn himayəsindən məhrum olan şəxslər də təhsil haqqından azad edilənlər sırasındadır. Hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş və digər valideyni müəyyən dərəcədə əlilliyi olan, eləcə də valideyn himayəsindən məhrum olmuş şəxslər 23 yaşınadək əyani təhsil aldıqları müddətdə bu güzəştdən yararlanırlar.
Bundan başqa, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil xərcləri də dövlət tərəfindən qarşılanır.
Şəhid ailəsi statusu olan şəxslər də 23 yaşınadək əyani təhsil aldıqları müddətdə dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil haqqından azad edilirlər.
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, həlak olmuş, hərbi əməliyyatlar zamanı itkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin övladlarının da ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil xərcləri dövlət hesabına ödənilir.
Müharibə veteranları da güzəştdən yararlanan kateqoriyaya daxildir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil haqqı dövlət tərəfindən qarşılanır.
Qeyd edək ki, güzəştlərin tətbiqi şəxsin statusundan, təhsil səviyyəsindən və qanunvericilikdə müəyyən edilmiş digər şərtlərdən asılıdır.