Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərə yeni strateji məzmun qazandırır. Bu səfər əməkdaşlığı Türk Dövlətləri Təşkilatının qlobal və regional gündəliyi ilə üzvi şəkildə birləşdirir.
Bu sözləri Tribuna.az-a deputat Məşhur Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanla Özbəkistanın mədəni, tarixi, siyasi və iqtisadi bağları daha da güclənir.
Məşhur Məmmədov vurğulayıb ki, dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalanması diqqətəlayiq hadisədir: “Sözügedən sənəd Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionları arasında inteqrasiyanı sürətləndirən mühüm akt kimi çıxış edir.
Ən başlıcası, bu əməkdaşlıq Avrasiya geosiyasətində Azərbaycan və Özbəkistan üçün geniş fəaliyyət imkanları açır.
Zəngəzur dəhlizinin reallaşması fonunda isə bu bağlantı Avrasiya logistika şəbəkəsinə əlavə dəyər qazandıracaq.
Prezident İlham Əliyevin mətbuata bəyanatında Azərbaycanla Mərkəzi Asiyanı böyük potensiala və daha geniş inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi xarakterizə etməsi xüsusi diqqət çəkir”.
Deputatın sözlərinə görə, Çin–Qırğızıstan– Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizi vasitəsilə davam etdirilməsi Bakı və Daşkənd üçün xüsusi əhəmiyyət kəsb edir: “Beynəlxalq nəqliyyat-logistika zəncirinin mühüm halqasına çevrilən Azərbaycan və Özbəkistan Avrasiyanın nəqliyyat-kommunikasiya bağlantısına böyük töhfə verir.
Azərbaycanın Cənubi Qafqazdakı liderlik statusu onun geniş strateji baxışlarının vacib bir hissəsini Mərkəzi Asiya regionuna yönəldir.
Azərbaycan Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxış baxımından əlverişli mövqeyə sahibdir. Bu üstünlüklərin birləşdirilməsi iki ölkəni regional və beynəlxalq ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Bu baxımdan Azərbaycan–Özbəkistan Regionlararası Forumları xüsusi əhəmiyyət daşıyır.
Ağır sənaye, maşınqayırma, metallurgiya, tikinti, tekstil, kənd təsərrüfatı, qida sənayesi, turizm, təhsil, tibb, əczaçılıq, mühəndislik, dağ-mədən, kimya, avtomobil və elektrotexnika kimi sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur.
Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa prosesinə verdiyi töhfə iki dövlət arasında həmrəylik və strateji tərəfdaşlığın konkret nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən həyata keçirilən layihələr xalqlarımız arasındakı qardaşlığın praktiki ifadəsi kimi qiymətləndirilə bilər”.
Sonda millət vəkili əlavə edib ki, Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə də mühüm töhfə verir, iki dövlətin nəqliyyat, iqtisadiyyat, enerji, rəqəmsal transformasiya və humanitar sahələrdə birgə təşəbbüsləri türk dövlətləri arasında əlaqələrin daha sıx qurulmasına xidmət edir.









