Dünyanın ən varlı ölkəsidir, amma valyutası yoxdur

Dünyanın ən varlı ölkəsidir, amma valyutası yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ilə İspaniyanın arasında, Pireney dağlarında yerləşən Andorra kiçik ərazisinə baxmayaraq, özünəməxsus idarəetmə sistemi və iqtisadi modeli ilə diqqət çəkir. Təxminən 468 kvadratkilometr əraziyə və 80 minə yaxın əhaliyə malik ölkə Avropanın ən kiçik dövlətlərindən biridir.

Tribuna.az  xəbər verir ki, Andorra dünyada yeganə ikili idarəetmə sisteminə malik dövlətdir. Ölkənin dövlət başçısı vəzifəsini eyni vaxtda iki şəxs daşıyır: Fransa prezidenti və İspaniyanın Urgell katolik yepiskopu.

Bu sistemə görə Andorra əhalisi dövlət başçısını birbaşa seçmir. Fransa prezidenti isə Fransadakı prezident seçkiləri nəticəsində müəyyənləşir.

Andorranın öz milli valyutası və mərkəzi bankı yoxdur. Ölkə Avropa İttifaqının üzvü olmasa da, rəsmi pul vahidi kimi avrodan istifadə edir.

Ölkə iqtisadiyyatında əsas payı turizm, bankçılıq və pərakəndə ticarət tutur. Andorrada ƏDV-nin standart dərəcəsi 4,5 faiz təşkil edir. Aşağı vergi yükü ölkəni xüsusilə alış-veriş üçün cəlbedici istiqamətlərdən birinə çevirib.

Andorra hər il milyonlarla turist qəbul edir. Turizm sektorunun iqtisadiyyatda mühüm yer tutması ilə yanaşı, ölkədə işsizlik səviyyəsinin də 1 faizdən aşağı olduğu bildirilir.

Ölkənin paytaxtı Andorra la Vella dəniz səviyyəsindən təxminən 1 023 metr yüksəklikdə yerləşir və Avropanın ən yüksəkdə yerləşən paytaxtlarından biridir.

Dağlıq relyef səbəbindən Andorrada aktiv hava limanı və dəmir yolu xətti yoxdur. Ölkəyə əsasən İspaniyanın Barselona və Fransanın Tuluza şəhərləri istiqamətindən avtomobil yolları ilə getmək mümkündür.

Andorra rəsmi dili yalnız katalan dili olan yeganə müstəqil dövlətdir. Bununla yanaşı, ölkədə ispan, fransız və portuqal dillərindən də geniş istifadə olunur.

Ölkənin daimi ordusu yoxdur və müdafiəsinin təmin edilməsində Fransa və İspaniyanın xüsusi rolu var.

Andorra həmçinin yüksək həyat standartları və uzun ömür göstəriciləri ilə seçilən Avropa ölkələrindən biri hesab olunur.

Musavat