Rusiya 25 avqust gecəsi Ukraynanın Odessa vilayətində Moldova ilə sərhəddə yerləşən “Vinogradovka” beynəlxalq avtomobil keçid məntəqəsinə zərbə endirib.
Tribuna.az UNİAN-a istinadən xəbər verir ki, Rusiya ordusu məntəqəyə “Shahed” tipli hücum PUA-ları ilə zərbələr endirib. Hücum nəticəsində keçid məntəqəsinin infrastrukturu zədələnib və yanğın baş verib. Yanğın xilasedicilər tərəfindən lokallaşdırılıb.
Hazırda “Vinogradovka” keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı müvəqqəti olaraq dayandırılıb. Bu barədə Moldova tərəfinə də məlumat verilib.
Sərhəd xidməti bildirir ki, nəqliyyat vasitələri digər keçid məntəqələrinə yönləndirilir.
Ukrayna sərhədçiləri dövlət sərhədini keçməyi planlaşdıran şəxslərdən bu məlumatı nəzərə almağı xahiş edib.
Rusiya daha əvvəl də sərhəd keçid məntəqələrini vurub
Qeyd edək ki, bu, Rusiyanın Odessa vilayətində Moldova ilə sərhəddə yerləşən keçid məntəqəsinə son günlərdə endirdiyi ilk zərbə deyil.
Avqustun 21-də Rusiya ordusu “Shahed” PUA-ları ilə Bolqrad və İzmail rayonlarına hücum edib. Hücum zamanı “Tabaki” beynəlxalq keçid məntəqəsinin infrastrukturuna zərbə dəyib, binalar və qurğular zədələnib, yanğınlar baş verib. Nəticədə müəyyən müddət ərzində həmin məntəqədən insanların və nəqliyyat vasitələrinin keçidi dayandırılıb.
Bundan əvvəl, avqustun 20-də baş verən kütləvi hücum zamanı da Rusiya qüvvələri Moldova sərhədindəki keçid məntəqələrindən birini PUA-larla hədəfə almışdı.
İmran Kərimli









