“Ekoloji tərbiyə insanın əxlaqi tərbiyəsinin tərkib hissəsidir”- dosent Şəbnəm Əsədova

“Ekoloji tərbiyə insanın əxlaqi tərbiyəsinin tərkib hissəsidir”- dosent Şəbnəm Əsədova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-i dünyada Ekoloji Biliklər Günü kimi qeyd olunur. Bu günün əhəmiyyəti, ekoloji şüurun formalaşması və müasir dövrdə ətraf mühit problemləri ilə bağlı sualları Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədova Tribuna.az-a müsahibəsində cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində ekoloji biliklər günü kimi qeyd olunur . Bu gününün əhəmiyyəti nədən ibarətdir?

-15 aprel – Ekoloji biliklər günü ilk növbədə cəmiyyətin ekoloji maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən beynəlxalq konfransda vurğulandığı kimi, davamlı inkişafın təmin olunması yalnız texnoloji və iqtisadi tədbirlərlə deyil, həm də insanların ekoloji düşüncə tərzinin formalaşdırılması ilə mümkündür. Bu günün qeyd olunması əhalinin ətraf mühit problemlərinə həssaslığını artırır, ekoloji biliklərin yayılmasına və məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına xidmət edir.

– Ekoloji bilik anlayışı nəyi əhatə edir?

-Ekoloji bilik insanın təbiət, onun qanunauyğunluqları və insan-təbiət münasibətləri haqqında sistemli məlumatlara sahib olması deməkdir. Bu biliklər yalnız nəzəri xarakter daşımır, eyni zamanda praktik davranışlara da təsir göstərir. Ekoloji biliklərin daim yenilənməsini təmin etməklə insanların biliklərinin şəxsi və sosial zərurət  səviyyələri arasındakı ziddiyyəti aradan qaldırmaq olar. Davamlı ekoloji təhsilin formalaşdırılması iki fundamental anlayışın məzmununu müəyyən etməyi nəzərdə tutur: “ekoloji şüur” və “ekoloji mədəniyyət”. Onların əhəmiyyəti ekoloji təhsilin nəticəsi, ətraf aləmi qavramağın və ona münasibətin konkret üsulu olması ilə müəyyən edilir.

– Ekoetika nədir və müasir dövrdə rolu necə qiymətləndirilir?

-Ekoetika insanın təbiətə münasibətini tənzimləyən mənəvi və etik prinsiplər sistemidir. Müasir dövrdə ekoetikanın rolu daha da artmışdır, çünki ekoloji böhranlar yalnız elmi və texniki problemlər deyil, həm də etik məsuliyyət məsələsidir. Ekoetika insanlara təbiəti yalnız resurs kimi deyil, dəyərli və qorunmalı bir varlıq kimi qəbul etməyi öyrədir. Bu yanaşma  əslində gələcək nəsillərin hüquqlarının qorunmasına da xidmət edir.

– Niyə müasir dövrdə ekoloji biliklərin artmasına baxmayaraq  ətraf mühit problemlərinin həllində ciddi irəliləyiş müşahidə olunmur ?

– Danılmaz həqiqətdir ki, ekologiya sahəsində bilik səviyyəsi ildən-ilə artır, lakin bu, ekoloji vəziyyətlə bağlı problemlərin həllinə  az kömək edir. Problem çox güman ki, biliyin miqdarında deyil, onun məlumatlılığındadır. Ekoloji tərbiyə insanın əxlaqi tərbiyəsinin tərkib hissəsidir. Onun vəzifəsi yalnız ekoloji biliklərə nail olmaq deyil, ən əsası – ekoloji  şüurun, davranış və ekoloji mədəniyyətin  və ətraf mühitin mühafizəsi məsələlərində fəal həyat mövqeyinin formalaşdırılmasıdır.İnsanın ətraf mühitin üzvi bir komponenti olduğunu dərk etməsi və bir çox cəhətdən onu özü modelləşdirməsi xüsusi əhəmiyyət kəsb edir.

Ekoloji tərbiyənin formalaşmasında əsas amillər hansılardır?

– Ekoloji tərbiyə uşaq doğulduğu andan, onun ailəsindən başlayır. O, valideynlərinin və ona yaxın olan digər insanların davranışlarını, ətraf mühitə münasibətini müşahidə etməklə ilk dərslərini alır. Ekoloji tərbiyə prosesində təhsilalanlar əmin olmalıdırlar ki, insan fəaliyyətinin nəticələri insanın özündən, onun biliyindən, bu nəticələri qabaqcadan görmək bacarığından asılıdır.

Ekoloji tərbiyə insanın əxlaqi tərbiyəsinin tərkib hissəsidir. Onun vəzifəsi yalnız ekoloji biliklərə nail olmaq deyil, ən əsası – ekoloji  şüurun, davranış və ekoloji mədəniyyətin  və ətraf mühitin mühafizəsi məsələlərində fəal həyat mövqeyinin formalaşdırılmasıdır.İnsanın ətraf mühitin üzvi bir komponenti olduğunu dərk etməsi və bir çox cəhətdən onu özü modelləşdirməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda media və ictimai təşəbbüslər də insanların ekoloji davranış modelinin formalaşmasına ciddi təsir göstərir.

– Ekoloji təhlükəsizlik baxımından maarifləndirmənin rolu nədir?

-Ekoloji təhlükəsizlik yalnız dövlət siyasəti ilə deyil, vətəndaşların şüurlu davranışı ilə təmin olunur. Maarifləndirmə insanların ekoloji riskləri dərk etməsinə, onların qarşısını almaq üçün düzgün qərarlar verməsinə imkan yaradır. Məlumatlı cəmiyyət daha az tullantı yaradır, təbii ehtiyatlardan daha məsuliyyətlə istifadə edir və ekoloji problemlərin həllində fəal iştirak edir.

– Azərbaycanın beynəlxalq ekoloji təşəbbüslərdə iştirakını necə  dəyərləndirirsiz?

Azərbaycanda ətraf mühitin mühafizəsi və  təbii ehtiyatlardan  səmərəli istifadə sahəsində milli səviyyədə  müəyyən təşkilatı tədbirlər həyata keçirilir.

Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması,xüsusilə  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  (COP 29)  yüksək səviyyədə ölkəmizdə keçirilməsi,ətraf mühitin mühafizəsi və qlobal ekoloji problemlərin həllində  Respublikamızın   uğurlarına  nümunə,bizə olan yüksək etimadın göstəricisidir. Bu konvensiyaların ratifikasiya edilməsi respublikamızın ekologiya sahəsində  beynəlxalq  səviyyədə əməkdaşlığını göstərir.

Müstəqillik  qazandıqdan sonra ətraf mühitin mühafizəsi ilə əlaqədar qəbul olunmuş qanunların hər birinin tətbiq edilməsi barədə Azərbaycan  prezidenti müvafiq fərmanlar və sərəncamlar imzalamış, idaretmə  orqanlarının  səlahiyyətləri və  icra mexanizmi müəyyənləşdirilmişdir. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın – dayanıqlı və layiqli məskunlaşmanın təmin olunması hazırda mühüm strateji prioritetlərdən biridir.

– Ekoloji biliklərin və məsuliyyətin artırılması baxımından bu günün cəmiyyətə verdiyi əsas mesaj nədir?

-Bu gün bizə aydın şəkildə göstərir ki, təbiətin qorunması artıq seçim deyil, zərurətdir. Hər bir fərdin ekoloji məsuliyyəti cəmiyyətin rifahına və gələcək nəsillərin taleyinə birbaşa təsir edir. Ekoloji biliklərin praktiki davranışa çevrilməsi, təbiətə qayğı və resurslardan səmərəli istifadə müasir insanın əsas həyat prinsiplərindən biri olmalıdır. Yalnız bu yanaşma ilə biz davamlı inkişafı təmin edə və sağlam, təhlükəsiz gələcək formalaşdıra bilərik.

…. Sonda bütün ekoloqları və ətraf mühitin qorunması naminə çalışan insanları Ekoloji biliklər günü münasibətilə ürəkdən təbrik edirəm. Ekoloji fənləri tədris edən müəllim və tədqiqatçı kimi bu məsuliyyətli sahənin inkişafına töhfə verməkdən qürur duyur, həmkarlarıma fəaliyyətlərində uğurlar və davamlı nailiyyətlər arzulayıram.

İmran Kərimli