Dərya Akdemir: «Əgər hər hansı rəqqas oynadığı rəqsi yaşamırsa, bu onda alınmayacaq»
Türkiyənin Ankara şəhərində yerləşən “ANKA” Azərbaycan Rəqs və sənət klubunun təsisçisi və direktoru Dərya Akdemirin SOSİUM.az-a müsahibəsi
– Dərya xanım, ölkəmizin hüdudlarından kənarda Azərbaycan həqiqətlərini yaymaqla məşğulsunuz. Əvvəlcə öz fəaliyyətiniz barədə məlumat verərdiniz…
– Azərbaycan mədəniyyətinin dünya miqyasında yayılması, tanıdılması əsas fəaliyyət istiqamətimizdir. Biz təkcə rəqslə məşğul deyilik, həm də mədəni irsimizi, tarixi ənənələrimizi təbliğ edirik. 2016-cı ilin sentyabr ayında rəsmi fəalliyətə başlasaq da, buna qədər iki il hazırlıq prosesindən keçmişik. Hazırda Türkiyənin Gənclər və İdman Nazirliyininin rəsmi lisenziyası ilə fəaliyyət göstərən yeganə Azərbaycan təşkilatıyıq.
– “ANKA”nın yaradılması ideyası necə yarandı və bu yolda qarşınıza hər hansı maneələr çıxdımı?
– Heç şübhəsiz istər təşkilatın yaranması, istərsə də fəaliyyət dövründə qarşımıza çoxsaylı maneələr çıxdı. Nəzərə almaq lazımdır ki, biz bunu Azərbaycanda yox, Türkiyədə həyata keçiririk. Biz hələ fəaliyyətə başlamamışdın öncə bu çətinlikləri göz önünə almışdıq və heç bir çətinlik bizi ölkəmizin təbliğatı kimi müqəddəs ideyaları həyata keçirmək yolundan çəkindirə bilməz.
– Biraz özünüz haqqında məlumat verərdiniz. Necə oldu Türkiyədə getdiniz?
– Mən Türkiyədə vətəndaşıyam, İqdırda dünyaya gəlmişəm. Lakin kökümüz Qarabağa gedib çıxır. Eskişehir Anadolu Universitetinin Tibb fakültəsini bitirsəm də, xoreqraf peşəsini seçdim. Hazırda Ankarada xoreqrafiya müəllimi kimi fəaliyyət göstərirəm.
– Vaxtaşırı olaraq Türkiyədə Azərbaycanla bağlı tədbirlər keçirirsiniz. Bu tədbirlərdə Azərbaycan səfirliyi və təşkilatlarından iştirak edənlər olurmu?
– Biz keçirdiyimiz hər bir tədbirə Azərbaycan səfirliyini və rəsmilərini dəvət edirik. Bəzi hallarda onlar dəvət etdiklərimiz tədbirlərdə iştirak edirlər. Misal üçün Azərbaycanın Tükiyədəki səfiri Xəzər İbrahim bir neçə dəfə bizim tədbirlərimizdə iştirak edib.
– Uzun müddətdir rəqqas kimi fəaliyyət göstərirsiniz. Həm də pedaqoqsunuz. Sizcə, əsl rəqqas olmaq üçün nələr vacibdir?
– Biz şagirdlərimizə xoreqrafiyanın sirlərini öyrədərkən əsasən bir məqama xüsusi önəm veririk. Hər hansı rəqsi, misal üçün «Sarı gəlini» oynayan şagirdlərimizə ilk növbədə həmin rəqslə bağlı məlumatlar veririk. Məqsədimiz odur ki, onlar oynadıqları rəqsi yaşayaraq oynasınlar. Əgər hər hansı rəqqas oynadığı rəqsi yaşamırsa, bu onda alınmayacaq. Yəni bu işi bacarmayacaq.
– Əslən qarabağlısınız. Qarabağ torpağı çoxlu sayda incəsənət, mədəniyyət xadimləri yetişdirib. Bu qabiliyyət sizə irsən keçibmi?
– Mənim nəslimdə bu işi görən yeganə adam mənəm. Düzdür, əksər hallarda sənət insanlara genetik yolla keçir. Anam çox gözəl türkülər deyir, gözəl səsi var, lakin o özünü bu sahədə sınaya bilməyib. Əlbəttə, Qarabağda çox istedadlı, dünya şöhrətli musiqiçilər yetişib və bir millətçi gənc olaraq bu mənim incəsənət sahəsini seçməyimə təsirsiz ötüşməyib.
– Azərbaycanda sizə dəstək verənlər olurmu? Bu barədə hər hansı müraciətləriniz olubmu?
– Mən bu işə girəndən heç vaxt fikirləşməmişəm ki, kimdənsə dəstək istəyim, hər hansı müraciət edim. Məni bu işə vadar edən Azərbaycan sevgim, vətənimə və millətimə bağlılığım olub. Heç bir dəstək olmadan bu fəaliyyəti davam etdirəcəm. Azərbaycan dövlətindən bizə hər hansı dəstək olarsa, bu yalnız bizim fəaliyyətimizi gücləndirə bilər.
– Maraqlıdır, Türkiyədə boya-başa çatan qarabağlı qızın ən böyük arzusu nədir?
– Mənim ən böyük arzum ana torpağımızı, doğma Qarabağımızı azad görməkdir. Baxmayaraq ki, Türkiyədə doğulub boya-başa çatmışam, ürəyim hər zaman Azərbaycan həsrəti ilə döyünür. Azərbaycanda çoxlu sayda dostlarım var. Onların arasında sənətçilər də var, ziyalılar da, jurnalistlər də. Onlar Türkiyəyə gələndə qonağım olurlar, onlara xidmət edirəm. Bu mənə xüsusi zövq verir. Mən Bakıya gələndə isə onlar məni qonaq edirlər. Çox hallarda Bakıya gəlməyimi gizlədirəm. İstəmirəm ki, dostlarım məndən incisinlər.
Mən öz doğmalarıma vəsiyyət etmişəm: Əgər ölsəm, nə yolla olursa-olsun məni doğma Qarabğımda dəfn edin!











