DİM və ETN: hansı daha şəffaf, etimadlı və innovativdir?

DİM və ETN: hansı daha şəffaf, etimadlı və innovativdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil sistemindəki böhranının təhlili

Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq konfrans   keçirildi.  Bu konfransda qaldırılan məsələlər bir qurumun fəaliyyətinə verilən qiymət deyil, bütövlükdə təhsil sisteminə yönəlmiş ciddi mesajdır.  Bu kontekstdə DİM  ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ictimai qavrayış fərqi  açıq şəkildə görünür: biri ictimiyyətin etimadını  qazanan sistem, digəri isə etimad böhranı yaşayan qurum kimi qəbul edilir.  Bu fərq təsadüfi deyil, bu illərin, idarəetmə fəlsəfəsinin nəticəsidir.

DİM modeli: şəffaflıq  və standartlaşmaya əsaslanan  etimad

DİM-in uğurunun arxasında üç əsas prinsip dayanır:

1.Ölçülə bilən və standart sistem. Burada imtahan prosedurları aydın və əvvəlcədən məlumdur, nəticələr rəqəmlərlə və statistik əsaslarla izah olunur.

2.Şəffaflıq. Nəticələr açıq elan olunur, şikayət mexanizmləri mövcuddur.

3.Texnoloji innovasiya. Elektron imtahan sistemləri,  avtomatlaşdırılmış qiymətləndirmə. Bu yanaşma nəticəsində DİM imtahan keçirən qurumdan etimadlı quruma çevrilib.

ETN modeli:  sistemli bphran və qeyri-müəyyənlik problemləri

ETN-in fəaliyyətinə yönələn  ictimai qınaqlar və ciddi  qüsurlar  kimi  qərarların qeyri-şəffaf qəbul olunması,  tez-tez dəyişən qaydalar, uzunmüddətli strategiynın yoxluğu, innovasiyaların formal xarakter daşıması, nəticəyönümlü deyil, prosesyönümlü idarəetmə.   Bu  qüsurlar  nəticəsində  təhsil sistemi öz əsas funksiyasını – etimad yaratma funksiyasını itirir.

Repetitorluğin  kütləviləşməsi

Ölkədə müşahidə edilən kütləvi repetitorluq təhsil bazarının  verdiyi “sərt siqnal”dır.  Cəmiyyətdə ən real indicator xalqın  davranışdır.  Valideynlərin kütləvi şəkildə repetitorlara, hazırlıq kurslarına  üz tutması sistemə verilən açıq qiymətdir. Bu seçim deyil, məcburi alternativ sistemdir.  İctimaiyyətin fikri bunu bir  daha təsdiqləyir: uşaqlar  erkən yaşdan repetitorlara yönləndilir,  hazırlıq kursları bazarı  sürətli genişlənir. Bu, bazarın dövlət təhsil sisteminə verdiyi mesajdır göstərir ki,  təhsil sistemi öz vəzifəsini icra edə bilmir.

Xarici dilə maraq nədən qaynaqlanır?

Tədbirdə çıxış edən elm və təhsil  nazıri   xarici dilə marağın artmasını xüsusi vurğulayır.  Bəs bu marağın kökündə nə durur?  Təhlillər  göstərir ki,  xarici dilə maraq təhsilin keyfiyyəti ilə yox,  daha çox  xaricdə  təhsilə meyillə bağlıdır.  Çünki, yerli universitetlərin verdiyi təhsil çox vaxt keyfiyyətsiz olur.  Əslində keyfiyyətli təhsil sistemi olsaydı, şagirdlər xarici dili məktəbdə səmərəli öyrənə bilsəydi,  repetitor bazarı bu qədər böyüməzdi. Deməli, problem təkcə motivasiyada yox, təklif olunan təhsilin keyfiyyətindədir.

Ölkəmizin  baş nazirinin  də etiraf etdiyi kimi, universitetlərimizin verdiyi diplomlar xaricdə tanınmır. Bu nəinki cəmiyyətdə, elə cə ölkə sərhədlərindən kənarda diplomlarımıza etimadsızlıq yaradır. Bu etimadsızlığı isə aradan qaldırmağa on illərlə vaxt, peşəkar fəaliyyət, ciddi investisiyalar lazımdır.

Məlum olduğu kimi  bu ərəfədə  ETN menecerləri   Qazaxıstana  səfər etmişdilər.  Səfər çərçivəsində məqsəd həm də “Study in Azerbaijan” sərgisində iştirak, Azərbaycan universitetlərinin təbliği, Qazaxıstandan bizim universitetlərə tələbələr cəlb etməkdir.   Qazaxıstanda 200-dən artıq universitet var, onların 90 % bizim universitetlərdən daha keyfiyyətlidir. Bu halda Qazaxstandan bura tələbə gəlməsi real deyil. Bu səbəblərdən digər ölkələrdən də tələbə axını ölkəmizə azdır.  Öz ölkəsində etimadı itirən təhsil sistemi, xaricdən tələbə cəlb edə bilməz.

Etimadsız təhsil sistemi gələcək qura bilərmi?

Bu sual emosional  deyil, strateji xarakterlidir.   Etimadsız təhsil sistemi insan kapitalı da yarada bilməz (hətta 23 ilə), sosial bərabərsizliyi artırar, kölgə  təhsili yaradar,  nəticədə cəmiyyətin dövlətə  də inamı zəifləyir.  Bu isə uzunmüddətli perspektivdə  iqtisadi- sosial inkişafa  ciddi problemlər yaradır.

DİM və ETN: hansı daha  innovativdir?   

DİM-in fəaliyyətindəki  innovativ  məqamlar  müxtəlif yollarla mütəmadi olaraq ictimaiyyətə  təqdim edilib, bu haqda geniş danışmayacağıq. ETN isə  bizləri sözün həqiqi mənasında  təhsil innovasiyalarına həsrət qoyub. Biz son 35 ildə nəinki  təhsil innovasiyaları yaratmamışıq, bir çox təhsil innovasiyalarını ölkəmizə transfer də edə bilməmişik.  İnnovasiyalar  təbii ki,   vakumdan yaranmır, buna elm, peşəkarlıq və investisiya lazımdır.  ETN-nin təhsil elmləri və təhsil innovasiyaları yaratmaq sahəsindəki  zəif  potensialı  təhsil ictimaiyyətinə yaxşı  məlumdur.  Amma bu qurum heç  verilən təkliflərə, innovasiyalara, hər cür təşəbbüslərə də qapalı sistemdir.  Dünyanın indiki  sürətli  inkişaf  tempində  bu “innovativ”liklə   təhsilimiz  necə inkişaf edə bilərdi?

Biz  25 ildir TN və ETN-ə   ölkəmizdə  distant təhsil sisteminin yaradılması zərurətini  başa sala bilmədik.  ETN-nin böyük coşqu ilə təbliğ etdiyi  Qazaxıstan səfəri zamanı, heç olmasa orada  20 ildir  tətbiq edilən distant təhsil sistemi ilə tanış olardılar.

ETN  indi  azkomplektli  məktəblərdə distant təhsilin tətbiqindən,  universitetlərdə hibrit təhsildən danışır.   İnnovasiyalara  25 il ləngiməklə verilən “operativ reaksiya” təhsilimizi  rəqabətədavamlığı  edə bilərmi?

Təəssüf ki, dünya təhsilində  son 25 ildə yranan xeyli innovasiyalar, bizim təhsil sistemindən yan keçdi.  Biz nəinki innovasiya yarada bilmədik,  əksinə, təhsildə  olan yaxşı ənənələri də heç qoruya bilmədik.  Son 30 il  təhsilimizin tənəzzül  tarixi oldu.

Problemin kökü  idarəetmə fəlsəfəsindədir.

Etimadsızlığın yaranmasında  əsas məsələ texniki yox, konseptual xarakterlidir. DİM modeli  nəticəyönümlü, ölçülə bilən və şəffaf,  ETN modeli  isə prosesyönümlü,  qeyri-müəyyən, qapalıdır. Bütün problemlər  də məhz buradan yaranır.

ETN nələri dəyişməlidir?

1.Şəffaflıq radikal şəkildə artırılmalı, qərarlar elmə əsaslanmalı, səbəbi ictimaiyyətə izah edilməli, məlumatlar açıq paylaşılmalı, ictimai nəzarət, tənqid və özünütənqidə meydan verilməlidir.

2. Ölçülə bilən nəticə sistemi qurulmalı, məktəblərin performansı real göstəricilərlə ölçülməlidir. Amma, şagirdlərin, eləcə də  məktəblərin perfomansı rəsmi təhsili yox, kölgə təhsilinin, repetitorların fəaliyyətini qiymətləndirir.  Bu yolla  formalaşmış datalar təbii ki, proseslərin korreksiyasına imkan vermir.  Başqa sözlə, təhsil sisteminin  keyfiyyətinə nəzarət obyektiv deyil, bu  idarəolunmaz  haldadır.

3.Repetitorluq bazarı təhlil edilməli, bu ciddi  neqativ  “simptom” kimi dəyərləndirilməlidir.

4. DİM təcrübəsi genişləndirilməli, qiymətləndirmə mədəniyyəti bütün təhsil sisteminə inteqrasiya olunmalıdır.

Etimad olan yerdə sistem işləyir,  etimad olmayan yerdə alternativ təhsil bazarı, “kölgə” təhsili  yaranır. DİM nümunəsi göstərir ki, Azərbaycanda işləyən model qurmaq mümkündür. ETN nümunəsi isə göstərir ki, bu model  heç də bütün təhsil  sisteminə tətbiq oluna bilmir. Hər şey peşəkarlıqdan, məsuliyyətdən, şəffaflıqdan, innovativlikdə   asılıdır.

Təhsil sistemi sadəcə bilik vermir, o, cəmiyyətin dövlətə olan etimadını  formalaşdırır.  Əgər belə bir ictimai  etimad yaranmırsa, problem təkcə təhsil sistemində deyil, problem artıq  gəncliyin   ümidsiz gələcəyindədir. Gənclərimiz bu təhsillə gələcək həyata necə hazırlaşsın? Gənclik  “özünə yeni iş yeri” necə yaratsın,  illərlə yığılan  problemləri necə həll etsin?

Etimadsız, keyfiyyətsiz, tərsinə qurulmuş   təhsil sistemi mürəkkəb regionda yerləşən ölkəmizi  postneft  erasına hazırlaya biləcəkmi, yoxsa  vəziyyət daha da ağırlaşacaq?

Dosent İlham Əhmədov 

Tribuna.az