Tribuna informasiya agentliyinin fəaliyyətə başlamasından 10 il ötür. Ölkəmizin ilk xəbər portallarından olan TİA.az-ın yubileyində Milli Məclisin deputatları, tanınmış ziyalılar və ictimai xadimlər portalımızı təbrik ediblər. Həmin təbrikləri təqdim edirik:
Kamilə Əliyeva (Milli Məclisin deputatı, professor):
10 il bir saytın ayaqda durması üçün kiçik zaman deyil. Nəzərə alanda ki, Azərbaycanda çoxslu sayda xəbər saytları mövcuddur, bu rəqabətdə fərqlənmək, öndə olmaq böyük nailiyyətdir. Heç şübhəsiz TİA.az bu nailiyyəti böyük əzmkarlıq, vahid və peşəkar komanda sayəsində əldə edə bilib. Mən həm bu saytın daimi oxucusu, həm də sevimli qonağıyam. TİA.az-çılar özlərini təsdiq etməyi bacarıblar və bu yolda onlara yeni-yeni nailiyyətlə arzu edirəm!
Fikrət Əliyev (Tanınmış riyaziyyatçı alim, akademik):
TİA.az mənim gündəlik oxuduğum azsaylı xəbər saytlarındandır. Dəfələrlə olub ki, yeni xəbər saytlarını da izləməyə başlamışam. Lakin bu uzun sürməyib. Çünki həmin saytlarda istədiyimi tapa bilməmişəm. TİA.az isə oxucunu yormayan xəbər portallarındandır. Daimi oxucusu olduğum TİA.az-ın kollektivini təbrik edir, onlara hələ daim belə ləyaqətlə çalığmağı arzu edirəm!
İradə İbrahimova (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri):
TİA.az Azərbaycanın ilk xəbər portallarından biridir və yarandığı gündən bizim bu portalın əməkdaşları ilə mehriban münasibətlərimiz olub. Təmsil olunduğum nazirliyin keçirdiyi bütün tədbirlər TİA.az-da vaxtaşırı olaraq işıqlandırılır. Hesab edirəm ki, saytınız qısa müddətə böyük oxucu auditoriyasına xitab edərək, bu gün Azərbaycanın aparıcı xəbər portallarından birinə çevrilib. Yubiley münasibətilə TİA.az portalının bütün əməkdaşlarını, o cümlədən saytın dəyərli rəhbəri Əlişir Əhədi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirəm!
Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri): Son illər Azərbaycanda yüzlərlə xəbər saytı arasında TİA.az öz dəsti-xətti və tarixi keçmişi olan bir saytdır. Nazirliyin bu saytla münasibətləri dostluq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə söykənir. Nazirliyin fəaliyyətinə xüsusi diqqəti ilə seçilən TİA.az-çıları yubiley münasibətilə təbrik edir, onlara daha böyük oxucu kütləsinə xitab etməyi arzu edirəm!
Araz Bayramov (“Azərbaycan-Fransa məzunları” İctimai Birliyinin sədri, Avropa təhsilli uzman-uroloq): 2010-cu ildə Fransada tibbi təhsilimi başa vurub Bakıya qayıtdım. Gündəlik xəbərləri oxumaq vərdişi formalaşmışdı və Azərbaycana qayıdana qədər daha çox Avropa saytlarını oxuyurdum. Bakıya qayıtdıqdan isə qərara gəldim ki, yerli saytlardan seçimini aparım. Seçimim özünü çox gözlətmədi və bir neçə saytın üzərində dayanmalı oldum. Onlardan da biri TİA.az idi. Son dövrlər xəbər portalları sürətlə artsa da, sosial media üzərindən xəbər almaq imkanları çoxalsa da, TİA.az bu gün də mənim “stolüstü saytım”a çevrilib. Bunun da əsas səbəbi portalın peşəkar fəaliyyət göstərməsidir. Bizi hər gün yeni informasiyalarla təmin edən TİA.az-çıları təbrik edir, onlara bol-bol uğurlar arzu edirəm!











