“David Seliverstov” hücuma keçdi – antisemitizm “qalxanı” yaddan çıxdı, indi ailə sirrindən dəm vurur

“David Seliverstov” hücuma keçdi – antisemitizm “qalxanı” yaddan çıxdı, indi ailə sirrindən dəm vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü müxtəlif platformalarda beynəlxalq hüquq müdafiəçisi, xeyriyyəçi və investor kimi təqdim edən, əsl adı Kazım Abbasov olan “David Seliverstov” bu dəfə yeni iddialarla gündəmə gəlib. O, yaydığı bəyanatda şəxsi və ailə həyatına müdaxilə edildiyini, ailə üzvlərinə aid məlumatların, fotoşəkillərin və keçmiş məhkumluğu ilə bağlı məlumatların qanunsuz şəkildə yayıldığını iddia edir.

“David Seliverstov” hesab edir ki, bu məlumatların yayılması Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi və “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinin pozulmasıdır. O, ailə həyatı və məhkumluq barədə məlumatların xüsusi kateqoriyalı fərdi məlumatlar olduğunu vurğulayaraq, onların yalnız şəxsin razılığı ilə istifadə oluna biləcəyini bildirir.

“David Seliversrov” hədə-qorxu ilə pul tələb edilməsi barədə irəli sürülən iddialar da irəli sürür. Bildirir ki, şəxsi məlumatların və ailəsinə dair materialların yayılması ilə bağlı hədələr səsləndirilib və bunun fonunda pul tələbi irəli sürülüb.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə istinad edərək bildirir ki, rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlak tələb edilməsi cinayət məsuliyyəti yarada bilər. Həmçinin Konstitusiya Məhkəməsinin bu maddə ilə bağlı hüquqi mövqeyinə də istinad edir.

“David Seliverstov” şantaj mövvqeyindən çıxış etməyi də unurmur, hazırda bütün sübutları açıqlamadığını, lakin lazımi mərhələdə yazışmaları, ödəniş sənədlərini, fotoşəkilləri, yayımlanmış materialları və digər faktiki sübutları səlahiyyətli orqanlara təqdim edəcəyini bildirir. Qeyd edək ki, “David Seliverstov” adı ilə tanınan Kazım Abbasov son 1 həftədə müxtəlif qalmaqallı açıqlamaları və fəaliyyəti ilə ictimaiyyətin diqqət mərkəzindədir. Onun özü barədə səslənən müxtəlif ittihamlara cavab olaraq hüquqi arqumentlər irəli sürməsi yeni müzakirələrə səbəb olub.

Bununla yanaşı, “David Seliverstov” unudur ki, şəxsi həyatın toxunulmazlığı ilə bağlı hüquqlar fundamental hüquqlar sırasında olsa da, konkret iş üzrə hüquqi qiymət yalnız bütün faktlar, sübutlar və tərəflərin mövqeyi araşdırıldıqdan sonra verilə bilər.

Açıqlamanın ən diqqətçəkən məqamlarından biri “David Seliverstov”un ilk dəfə olaraq dolayısı ilə keçmiş məhkumluğu məsələsinə toxunmasıdır. O, bəyanatında məhkumluq barədə məlumatların “xüsusi kateqoriyalı fərdi məlumat” olduğunu vurğulayaraq belə məlumatların yayılmasının qanunsuz olduğunu iddia edir. Bununla da faktiki olaraq uzun müddətdir ictimai müzakirə mövzusu olan keçmişi ilə bağlı məsələyə hüquqi arqumentlər üzərindən cavab verməyə çalışır.

Lakin burada diqqət çəkən başqa bir məqam da var. “David Seliverstov” uzun müddətdir özünü beynəlxalq hüquq müdafiəçisi, xeyriyyəçi və ictimai fəal kimi təqdim edib, müxtəlif platformalarda ictimai nüfuz sahibi olan şəxs obrazı formalaşdırmağa çalışıb. Belə olan halda onun fəaliyyəti, tərcümeyi-halı və bu statusu təsdiqləyən və ya təkzib edən faktlar cəmiyyət üçün legitim maraq doğuran məsələlərdir. Məhz buna görə də, onun indi yalnız şəxsi məlumatların toxunulmazlığını ön plana çıxarması keçərsizdir.

Digər tərəfdən, “David Seliverstov”un açıqlaması faktiki olaraq barəsində səslənən keçmiş məhkumluq iddialarına ilk geniş hüquqi cavab kimi də qiymətləndirilə bilər. O, həmin məlumatların məzmununu təkzib etməkdən daha çox, onların əldə olunması və yayılması üsulunun qanuniliyini sual altına qoyur. Bu isə müzakirələrin mahiyyətini “keçmişdə nə baş verib?” sualından daha çox “bu məlumatlar hansı əsasla əldə olunub və yayılıb?” müstəvisinə keçirməyə yönəlmiş müdafiə xətti kimi görünür.

“David Seliverstov”un indiki açıqlaması onun əvvəlki qalmaqallı bəyanatlarını da yenidən gündəmə gətirir. Xatırladaq ki, o, vaxtilə Gürcüstanda kazinolardan birində baş vermiş insidentlə bağlı da geniş videoaçıqlamalar vermiş, həmin hadisəni antisemitizm kimi təqdim etməyə çalışmışdı. Halbuki, yayılan videoda və hadisə ilə bağlı səslənən iddialarda söhbətin kazinoda sərxoş vəziyyətdə davranış qaydalarının pozulması, münaqişə yaranması və mühafizə xidmətinin müdaxiləsindən getdiyi bildirilirdi. Seliverstov isə bu hadisəni hüquq-mühafizə və təhlükəsizlik tədbiri kimi deyil, etnik və dini ayrı-seçkilik kontekstində təqdim etməyə cəhd göstərmişdi.

İndi isə oxşar yanaşma onun son bəyanatında da müşahidə olunur. O, keçmiş məhkumluğu və fəaliyyəti ilə bağlı ictimai müzakirələri əsasən şəxsi məlumatların qorunması müstəvisinə keçirməyə çalışır.