Son illərdə fast fud məhsullarının istehlakı sürətlə artaraq gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yüksək yağ, duz və şəkər tərkibli bu qidaların tez-tez istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən bioloq-ekoloq Nüşabə Sadıqova suallarımızı cavablandırıb.
Nüşabə Sadıqovanın sözlərinə görə, Fast fud müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilsə də, onun insan orqanizminə təsiri günümüzün ən aktual və ciddi mövzusudur. Bu tip qidalar adətən yüksək kalori, doymuş yağ, şəkər və duz tərkibi ilə zəngin olur. Bu səbəbdən də orqanizmdə metabolik dəyişikliklər baş verir və enerji balansı pozula bilər.
Bioloq qeyd edib ki, fast fud tez-tez qəbul edildikdə qan şəkərinin sürətli yüksəlib-enməsi müşahidə oluna bilir. Eyni zamanda, yüksək duz qəbulu arterial təzyiqin artmasına gətirib çıxarır. Doymuş və trans yağlar isə damar divarlarında yığılıb ateroskleroz riskini artırır. Bu proses ürək-damar xəstəliklərinin yaranma ehtimalını yüksəldir.
Fast fudun yarada biləcəyi xəstəliklərə toxunan mütəxəssis əlavə edib:
“Fast fud məhsullarının müntəzəm istehlakı piylənmə ilə sıx əlaqələndirilir. Piylənmə isə öz növbəsində tip 2 diabet, hipertoniya və bəzi xərçəng növləri üçün risk faktorudur. Bu qidalar lif baxımından zəif olduğu üçün həzm sistemi də mənfi təsirə məruz qalır. Bağırsaq mikrobiotasının tərkibi dəyişə bilər və bu immun sisteminə də təsir edir”.
“Bəzi tədqiqatlar göstərir ki, fast fud beyin mükafat sistemini stimullaşdıraraq təkrar istehlaka meyil yaradır. Bu isə davranış səviyyəsində asılılıq bənzər bir vəziyyət formalaşdıra bilər. Xüsusilə gənclər və uşaqlar bu təsirə daha həssas olur”, — deyə o, əlavə edib.
Sağlam qidalanmadan danışan bioloq vurğulayıb:
“Alternativ olaraq hər zaman daha balanslı və təbii qidalanma tövsiyə olunur. Evdə hazırlanmış qidalar və yeməklər tərkibinə nəzarət baxımından daha üstün hesab edilir. Tam taxıllar, tərəvəzlər, meyvələr və keyfiyyətli zülal mənbələri sağlam qidalanmanın əsasını təşkil edir. Bitki mənşəli yağların istifadəsi ürək sağlamlığı üçün daha faydalıdır. Fast food-u tamamilə kəsmək çətin olsa da, ondan istifadəni minimuma endirmək mümkündür. Həftəlik planlama və düzgün seçimlər bu prosesdə bizlərə kömək edə bilər.
Orqanik, təbii, eko kimi etiketlər son illərdə qida bazarında geniş yayılıb. Lakin bu məhsulların sağlam olub-olmaması ilə bağlı müzakirələr davam edir. Bioloqlar bu anlayışların arxasında duran elmi əsasları araşdırır.
Son illərdə “orqanik”, “təbii” və “eko” kimi etiketlər qida bazarında çox geniş yayılıb. Bu terminlər çox vaxt istehlakçılarda məhsulun daha sağlam olduğu təəssüratı yaradır. Orqanik qidalar ümumilikdə pestisidlər və kimyəvi gübrələrdən minimum istifadə ilə istehsal olunur. Lakin bu, onların avtomatik olaraq daha qidalı və ya daha faydalı olması demək deyil. Elmi tədqiqatlar göstərir ki, bəzi hallarda qida dəyəri baxımından fərqlər çox cüzi olur. Əsas üstünlük daha çox kimyəvi qalıqların azlığı ilə bağlı olur”.
Nüşabə Sadıqova sonda qeyd edib ki, orqanik və adi məhsullar arasındakı fərq əsasən istehsal metodlarında özünü göstərir. Orqanik kənd təsərrüfatında torpağın və ekosistemin qorunmasına daha çox diqqət yetirilir. Bu yanaşma biomüxtəlifliyin saxlanmasına da müsbət təsir edir. Lakin məhsuldarlıq bəzən daha aşağı ola bilər və bu qiymətə də təsir edir.
Sertifikatlaşdırma prosesi isə ciddi qaydalarla tənzimlənir. İstehsalçılar müəyyən standartlara uyğunluğu mütəmadi yoxlamalarla sübut etməlidirlər. Bu standartlar ölkədən ölkəyə dəyişə bilər, lakin ümumi prinsiplər oxşardır.
İstehlakçı üçün əsas məsələ məlumatlı seçim etməkdir. Hər bir şəxs üçün etiketləri oxumaq və məhsulun mənşəyini anlamaq vacibdir. Orqanik yazılmış olan hər məhsul avtomatik sağlam hesab olunmamalıdır. Qidalanmada balans və müxtəliflik daha önəmlidir. Həm fast fud, həm də orqanik məhsullar mövzusunda ifrat yanaşmalardan qaçmaq lazımdır. Elmi əsaslara söykənən qərarlar uzunmüddətli sağlamlıq üçün daha etibarlıdır.
Nəticə olaraq, həm fərdi sağlamlıq, həm də ekoloji davamlılıq baxımından düşünülmüş seçimlər etmək əsasdır”.
Dəniz Pənahova









