Sonuncu sertifikasiya imtahanından sonra kütləvi şəkildə imtahandan kəsilən biologiya müəllimləri etiraza qalxıblar.
Tribuna.az xəbər verir ki, bu barədə müəllim Gülxanım Abdullayeva sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, narazı müəllimlər etiraz əlaməti olaraq Azərbaycan Təhsil İnstitutunun qarşısına toplaşıblar. Onlar institutun direktoru Elnur Əliyevin qarşılarına çıxaraq onların suallarını cavablandırmasını və yaranmış vəziyyətə aydınlıq gətirməsini tələb edirlər.
Uzun illər biologiya fənnini tədris etdiklərini bildirən müəllimlər deyirlər ki, imtahan sualları gözlədiklərindən xeyli çətin olub. Onların sözlərinə görə, əvvəlcədən sualların məktəb dərsliklərinə uyğun hazırlanacağı bildirilsə də, imtahan zamanı tamamilə fərqli və olduqca mürəkkəb suallarla qarşılaşıblar.
Etirazçılar hesab edirlər ki, sualların həddindən artıq qəliz, çaşdırıcı və vaxt aparan formada tərtib edilməsi nəticəsində çox sayda müəllim imtahandan keçə bilməyib. Onların iddiasına görə, bu vəziyyət təsadüfi deyil və məqsədli xarakter daşıyır.
Müəllimlər biologiya fənni üzrə iştirakçıların təxminən 87 faizinin sertifikasiya imtahanından keçə bilməməsini “absurd nəticə” kimi qiymətləndirirlər. Onlar Təhsil İnstitutunun rəhbərliyi ilə görüş keçirilməsini, imtahan suallarının yenidən araşdırılmasını və etirazlarının obyektiv şəkildə qiymətləndirilməsini tələb edirlər.
Narazı müəllimlərin sözlərinə görə, kütləvi narazılıq və etirazlara baxmayaraq, Azərbaycan Təhsil İnstitutunun direktoru Elnur Əliyev hazırda məzuniyyətdədir və bu günədək onların müraciətlərinə münasibət bildirməyib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









