Bəzən bir kəndin adı bütöv bir xalqın yaddaşına çevrilir. Bəzən bir ovuc torpaq illər keçsə də, üzərində axıdılmış qanı unutmağa imkan vermir. Ballıqaya da belə ünvanlardan biridir. Bu ad Azərbaycan xalqının yaddaşında yalnız bir kəndin adı kimi deyil, günahsız insanların həyatına son qoyan amansız qətliamın ünvanı kimi yaşayır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb. XX əsrin 90-cı illərində törədilən qanlı cinayətlər sırasında Ballıqaya qətliamı da xüsusi ağrısı ilə seçilir. Qaradağlıda, Xocalıda, Ağdabanda olduğu kimi, Ballıqayada da hədəf silahsız və müdafiəsiz azərbaycanlılar idi.
Laçın rayonundan didərgin düşərək Goranboy rayonunun Ballıqaya kəndi ərazisində müvəqqəti məskunlaşan 24 azərbaycanlı mülki şəxs 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirildi. Daha 9 nəfər ağır yaralandı.
Həmin gecə Ballıqayada ölüm yalnız böyüklərin qapısını döymədi. Qətlə yetirilənlər arasında altı azyaşlı uşaq vardı. Onların ən kiçiyi cəmi altı aylıq körpə idi. Üç azyaşlı uşaq isə həmin gecə həm anasından, həm atasından məhrum oldu. 93 yaşlı qoca qadın belə, qatil güllələrindən xilas ola bilmədi.
Ballıqayanın o gecəsi uşaqların səsinə, anaların fəryadına, qocaların harayına qarışan atəş səsləri ilə yadda qaldı. Dinc insanların bəzilərinin meyitlərinin yandırılması isə törədilən vəhşiliyin miqyasını bir daha göstərdi. Burada öldürülənlər döyüşçü deyildi. Onlar ailələri ilə birlikdə özlərinə sığınacaq bildikləri bu torpaqda həyatlarını davam etdirməyə çalışan sadə insanlar, çobanlar və heyvandarlıqla məşğul olan mülki şəxslər idi.
Onların nə silahı vardı, nə də döyüşmək niyyəti. Əllərində olan yalnız gündəlik həyatın qayğıları, başlarını qoymağa bir parça torpaq və yaşamaq ümidi idi. Lakin həmin gecə bu ümid amansızlıqla yarımçıq qoyuldu.
Ballıqayada baş verənlər təkcə insanlığa qarşı törədilmiş ağır cinayət deyil, həm də beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi. Uşaqların, qadınların və qocaların qətlə yetirilməsi müharibənin belə, toxunulmaz saydığı sərhədlərin necə vəhşicəsinə tapdalandığını göstərirdi.
İllər ötür. Ballıqayanın yaraları zamanın axarında sağalmır. Çünki bəzi ağrılar zamanla kiçilmir, əksinə, yaddaşda daha da dərinləşir. Hər il avqustun 28-i yaxınlaşanda həmin gecənin xatirəsi yenidən canlanır. Altı aylıq körpənin, valideynsiz qalan uşaqların, qətlə yetirilən qadınların və qocaların xatirəsi bir daha Azərbaycan xalqının yaddaşında öz yerini tutur.
Ballıqaya qətliamına dair materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində qorunub saxlanılır. Bu sənədlər yalnız keçmişin izləri deyil. Onlar tarix qarşısında məsuliyyətin, unutmamağın və həqiqətin gələcək nəsillərə çatdırılmasının sübutlarıdır.
Çünki tarix yalnız yaşananları deyil, unudulmayanları da yaşadır. Ballıqaya isə unudulmamalıdır.
34 il əvvəl… Ballıqayada yarımçıq qalan ailə
Həmin hadisə zamanı 6 ailə üzvünü itirən Binnət Mehdiyev AZƏRTAC-a açıqlamasında deyib:
“Əslən Şuşadanam. Şuşa işğal olunanda ailəlikcə Laçına köçdük. Çox keçmədi Laçın da düşmən əsarətinə keçdi. Sonra Kəlbəcər, Göygölün Toğana və Sarıqaya əraziləri, daha sonra Goranboyun Buzluq kəndində və ən sonda isə Ballıqaya kəndi ərazisində məskunlaşdıq. Bir yurddan digərinə köçürdük.
Ballıqayada alaçıqlar qurmuş, heyvanlarımızı da gətirmişdik. Amma ərazi bizə vahiməli gəlirdi. Elə həmin günlərdə başqa yer axtarmağa başladıq. Mən də qohumlarımla birlikdə ərazidən çıxdım, sonra Bakıya gəldim.
Çox keçmədi, acı xəbər aldım. Ermənilər Ballıqayaya hücum etmişdi. Atam, anam, iki qardaşım, bacım və həyat yoldaşım öldürülmüşdü.
Sağ qalan qohumlarım danışırdı ki, atam hadisədən bir gün əvvəl Gülüstan tərəfdə azərbaycanlıların öldürüldüyünü eşidib və səhər açılan kimi Ballıqayadan çıxmağı təklif edib. Gecə yarısına qədər məsləhətləşiblər. Amma səhəri görə bilmədilər.
Səhərə yaxın 10-12 erməni silahlısı alaçıqların olduğu əraziyə girib. Səsə çıxanları, içəridə hərəkət edənləri atəşə tutublar. Həmin gecə 24 nəfər öldürülmüşdü… Onların arasında uşaqlar da vardı…
Öldürülənləri Bərdədə dəfn etdik. Biz də orada məskunlaşdıq. Şuşadan çıxıb bir yurddan digərinə sığınmışdıq. Ballıqayada isə ailəmizin böyük hissəsini itirdik. 34 il keçib, amma hələ də “kaş ki”lər susmur. Bəlkə o gecə orada olsaydım, ailəmi xilas edərdim, ya da doğmalarım səhəri gözləməyib gecə ilə yola çıxsa idilər, sağ qala bilərdilər… Ballıqaya mənim üçün sadəcə bir yer deyil – bir gecədə 6 ailə üzvümü və digər doğmalarımı itirdiyim məkandır”.

















